"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
“Ordudakı acınacaqlı vəziyyət hərbiyönümlü qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi zərurətini yaradıb”. Bu fikir Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində (HVAAMK) 15-ə yaxın təşkilat sədrinin iştirakı ilə keçirilən tədbirdə səslənib və birgə fəaliyyət göstərmək qərara alınıb. Tədbirdə iştirak edən Qəbələ sakini Nazim Məhərrəmov oğlunun “N” saylı hərbi hissədən itkin düşməsindən danışıb: “İki oğlum var. Bəhruz hərbi xidmətdə olub və qayıdıb. 1992-ci il təvəllüdlü kiçik oğlum Ceyhun 2010-cu ilin yanvarında həqiqi hərbi xidmətə getdi. O, Goranboy rayonunun Gülüstan kəndi yaxınlığındakı “N” saylı hərbi hissədə xidmət edirdi. 2010-cu il oktyabrın 25-də Ceyhun postda olub. Qanunla postda 2 əsgər olmalıdır. Amma nədənsə həmin gün Ceyhunu postda tək qoyublar. Gecə saat 3 radələrində onunla əsgər yoldaşları arasında mübahisə olub. Buna səbəb isə Ceyhunun
postda yatması olub. O, yatarkən əsgər yoldaşları onun silahının sandıqçasını götürüblər və qaytarmaq
üçün 5 manat pul istəyiblər. Bundan sonra Əsgər atası oğlunun başına gətirilənlərdən danışır Ceyhun itib. 9 aydır ki, gecəmiz-gündüzümüz yoxdur. Onun yolunu gözləyirik”. N.Məhərrəmov deyib ki, oğlunun tapılması üçün hərbi hissə yaxınlığındakı kəndləri, meşələri gəziblər: “Meşədə qarşımıza çıxanlar dediklər ki, gedin, oğlunuzu hərbi hissədə axtarın. Gülüstan kəndində isə mənə dedilər: “Ceyhunu get o qan içən komandirdən soruş”. Komandir heç bir səbəb göstərmədən mənimlə görüşmür. Onunla xidmətdə olan əsgərlər də eyni sözləri təkrarlayırlar”. N.Məhərrəmovun sözlərinə görə, oğlu itkin düşəndən sonra Hərbi Prokurorluq fakta görə fərarilik maddəsi ilə cinayət işi başlayıb: “Müstəntiqlə görüşürəm, o oğlumla bağlı axtarış işinin olmasını deyir. Amma mənə işdəki heç bir sənədlə tanış olmağa imkan vermir. Deyir ki, nəyinə lazımdır”. Tədbirdəki QHT rəhbərlərinə müraiət edən N. Məhərrmov oğlunun dirisinin və ya ölüsünün tapılması üçün ona yardım etmələrini xahiş etdi: “Artıq doqquz aydır ki, üzüntü içində qapıları döyürük. Hər hansı bir nəticə yoxdur. Oğlumun itgin düşməsi, müəmmalı şəkildə yoxa çıxması həyatımızı iflic edib”.
Tədbirdə iştirak edən digər əsgər atası Elman Əhmədli isə əlil oğlunun hərbi xidmətə aparıldığını söylədi: “Oğlum Şəhriyar Əhmədli 1992-ci ildə anadan olub. Anadangəlmə gözlərində problemi vardı. Sonradan onu maşın vurdu və gözləri daha da zəiflədi, başı da zədələndi. 18 yaşına kimi o, əlil olduğuna görə pensiya alırdı. 13 sentyabr 2010-cu ildə oğlum Qəbələ Rayon Hərbi Komissarlığının göndərişi ilə Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində müayinə olundu. Həmin müayinənin cavablarında oğlumun hərbi xidmətə yararsız olduğu yazılmışdı. Müayinəyə dair arayışı Qəbələ Rayon Hərbi Komissarlığına təqdim etdik. Lakin hərbi komissar arayışı bir kənara tullayıb oğlumu Bakıdakı Hərbi Hospitala təkrar müayinəyə yolladı və oğlumun sağlam olması barədə saxta arayış aldı”. Əsgər atası deyir ki, hərbi komissar oğlunun hərbi xidmətə aparılmaması üçün ondan 2 min manat rüşvət istəyib: “Dedim ki, kasıb adamlarıq, bizdə bu qədər pul yoxdur. Bundan sonra o, oğlumun hərbi xidmətə yararsız olması barədə Milli Oftomologiya Mərkəzinin verdiyi arayışı işin içində götürüb gizlədib. 2011-ci ilin yanvar ayının 4-də isə evimizə hərbi komissarlığın işçiləri ilə polis əməkdaşları basqın etdilər. Oğlumu döyə-döyə özləri ilə apardılar. Sonradan bildik ki, oğlumu Daxili Qoşunların Bakıdakı hərbi hissələrindən birinə aparıblar. Oğlumu orada yenidən müayinədən keçirəndə onun xidmətə yararsız olduğu müəyyən edildi. 11 yanvar 2011-ci ildə Şəhriyarı evə göndərdilər. 12 gün sonra Qəbələ hərbi komissarının göstərişi ilə oğlumu qanunsuz olaraq yenidən hərbi xidmətə apardılar. Beyləqandakı hərbi hissələrdən birnə göndərilən Şəhriyar zəng edib dedi ki, fevralın 13-də andiçmə mərasimi keçiriləcək. Həmin gün mən ailə üzvlərimizlə hərbi hissəyə getdik”. E.Əhmədli deyir ki, oğlunu cərgəyə dayanmış əsgərlər arasında tapmayıb: “Uzun axtarışlardan sonra Şəhiyarı əsgər yataqxanasında tapdıq. Bizi görəndə ağladı. Dedi ki, əgər mən yararlıyamsa, niyə mənə and içməyə imkan vermirlər? Yararlı deyiləmsə, niyə burdayam? Oğlumun suallarına bu günə kimi heç kim cavab vermir. Mənim şikayətlərimdən sonra oğlumu hərbi hospitala köçürdülər. 15 gün göz, 45 gün isə nevrologiya şöbəsində saxladılar. Orada şöbə müdiri olan Elxan həkimlə söhbətlərim olub. O deyir ki, oğlun hərbi xidmətə yararlı deyil, amma mən onun hərbi xidmətə yararsız olmasını yaza bilmərəm. Mənə təzyiq edərlər. Beləcə gözü görməyən oğlumu hərbi hissəyə yolladılar”.
Tədbirdə iştirak edən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bildirdi ki, hərbi komissarlıqlar plan doldurmaq üçün xidmətə yararsız vətəndaşları sağlam məmur övladlarının əvəzinə hərbi xidmətə yollayırlar: “Rəhbərlik etdiyim mərkəzə Astaranın Suparibağ kəndinin sakini Vüqar Əliyevin yaxınları müraciət ediblər. 1993-cü il təvəllüdlü Vüqarda anadangəlmə psixi çatışmazlıqlar var. Bununla belə, Astara hərbi komissarlığı onu hərbi xidmətə yollayıb. Biz bu məsələni araşdırdıq. Bu il iyulun 4-dən xidmətdə olan Vüqar Əliyevi sentyabrın 8-də xəstəliyini əsas gətirib təxris etdilər. Demək istəyirəm ki, rüşvət və korrupsiyanın içində boğulan məmurlar vətəndaşların hüquqlarını bilməməsindən istifadə edir”. Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli də Ə.Məmmədovun fikirlərinə şərik olduğunu dedi. Bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyinin başı şəxsi intriqalara qarışıb: “Səfər Əbiyevlə Nəcməddin Sadıqovun arasındakı qarşıdurma ordudakı pis olan durumu daha da dərinləşdirib. Vəziyyət həqiqətən də acınacaqlıdır. Vətəndaşların hərbi xidmətə çağırılması işinin hərbi komissarlıqlardan alınaraq Müdafiə Nazirliyinə veriliməsi bizdə ümid yaratmışdı ki, bu proses şəffaf keçiriləcək. Amma indi biz bunun əksini görürük. Nəcməddin Sadıqov öz adamları vasitəsilə vicdansızcasına çağırışçıların valideynlərini soyur”.
O, atəşkəs dövründə 3 min 500 hərbiçinin dünyasını dəyişdiyini, onlardan yalnız 12 faizinin döyüşlərdə şəhid olduqlarını söylədi: “Qalanları aclıqdan, müxtəlif xəstəliklərdən ölüb və ya döyülərək öldürülüb, bir-birilərini güllələyiblər. Bunlar hamsı ordu rəhbərliyindəki rüşvət və korrupsiyanın təzahürüdür”.
HVAAMK-nın qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev isə dünyasını dəyişən və ya itkin düşən hərbiçilərin yaxınlarına sığorta məbləğinin verilməsi məsələsində çox ciddi problemlərin olduğunu dedi: “Bu məbləğ 11 min manatdır. Bu pulu adi qaydada hərbiçinin ailəsinə verməli olduqları halda vermirlər. Bizə müraciət edən onlarla hərbiçinin yaxınlarına bu pulu məhkəmə yolu ilə alıb vermişik. Hətta ölmüş hərbçilərin sığorta pulunu da vermirlər”.
Hərbi hüquqşünas Telman Əbilov isə bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyində olanların çoxsaylı evləri, villaları olduğu halda 12 min zabit evsizdir: “Milli Ordu yarananda rus hərbiçilər Azərbaycandan getdilər. 100 min mənzil boşaldı. Həmin mənzillər kimə verilib, bilinmir. Zabit 300 manat əmək haqqı, 47 manat isə ev kirayə etməyə pul alır. 47 manata kirayə ev var? Bəs gənc zabitin ailəsi, uşağı çorək yemir? Axı zabitləri bu vəziyyətə niyə salırlar? Prezident deyir ki, hərbi büdcəmiz 3.3 milyarddır. Bu pullar hara gedir? Evi belə olmayan zabit vətəni necə qoruyacaq?” Tədbirin sonunda qərara alındı ki, hər iki əsgər atasının müraciətləri ilə bağlı araşdırmalar aparılsın və zərurət yarandığı halda məhkəməyə müraciət olunsun.
http://var.az