Wisdom of Life

İtkin düşmüş şəxslərin ailələrinə sığorta haqqı ödənmir

Aslan Vəliyev

Problem Milli Məclisdə qaldırılacaq

18 mart 2010-cu il, Bakı. Bu gün Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində “Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçuların ailələrinin problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən HVA AMK-nin Qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, Qarabağ müharibəsində itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə dövlət sığorta kommersiya şirkəti birdəfəlik sığorta ödənişi həyata keçirməlidir. Lakin şirkət əksər halda həmin ödənişi həyata keçirməkdən imtina edir və imtinanın səbəbini isə heç bir ağlabatan çərçivədə izah edə bilmir. Nəticədə həmin kateqoriyadan olan ailələr, onların timsalında bir çox cəmiyyət üzvləri dövlət idarəetməsindən narazı qalır, ölkədə vətənpərvərlik hissinin formalaşması problemli bir məsələyə çevrilir. Şirkətin həmçinin bu işlə bağlılığı olan ayrı-ayrı dövlət idarəetməsindən narazı qalır, ölkədə vətənpərvərlik hissinin formalaşması problemli bir məsələyə çevrilir.

“1992-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuları statusu haqqında” Qanunun 27-ci maddəsinə əsasən hərbi qulluqçular sığorta olunmalıdırlar. 1997-ci ildə isə “İcbari sığorta haqqında” Qanun qəbul olunub və bu məsələ həmin qanunda öz əksini tapıb. 2007-ci ilə qədər bu məsələ həll olunurdu. Çünki o vaxta qədər itkin düşmüş şəsxlərin ailələrinə şərti maliyyə vahidinin min misli ödənilirdi. Bu, 1100 manat edirdi. 2007-ci ildən isə bu məbləğ şərti maliyyə vahidinin 10 min misli həcminə qaldırıldı və elə bundan sonra da problemlər yarandı”- deyə A.Vəliyev bildirib. Ayrı-ayrı məhkəmə çəkişmələrindən söz açan A.Vəliyevin sözlərinə görə, müvafiq orqanlara göndərilən bütün şikayət məktubları araşdırılması üçün birbaşa şikayət olunan orqanlara göndərilir ki, bu da qanunaziddir: “Milli Məclisin qəbul etdiyi qanunvericiliyə əsasən, şikayət olunan orqana şikayət ərizəsi göndərilməməlidir. Amma elə millət vəkili Rəbiyyət Aslanovaya ünvanladığımız Maliyyə Nazirliyi ilə bağlı məktub araşdırılması üçün həmin nazirliyə göndərilib. Bu adamlar özlərinin qəbul etdiyi qanuna hörmət qoymamaqla kimi ələ salırlar? Ən qəribə cavabı isə Maliyyə Nazirliyi verib. Nazirlikdən göndərilən məktubda göstərilir ki, hərbçi xidmətə getməzdən öncə həyatını sığorta etdirməlidir ki, öləndən sonra həmin pul ailəsinə verilsin. Bu, hansı məntiqə, qanuna sığır?”

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Arzu Abdullayeva da dövlətin bu məsələyə marağının olmamasından danışıb: “Gürcüstan kimi kasıb ölkədə itkin düşmüş vətəndaşlar üçün muzey yaradılıb, ev tikilib. Amma ən çox itkini olan Azərbaycanda itkin ailələrinin üz tuta biləcəyi bir yer yoxdur. Biz hansısa bir abidənin yaradılması üçün yer ayrılsın deyə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Hətta bildirdik ki, həmin abidəni pulsuz hazırlamağı boynuna götürən heykəltəraşlar var. Məqsədimiz yalnız odur ki, övladını itirən ailələrin təsəlli yeri olsun. Bizə cavab verildi ki, Şəhidlər Xiyabanında yaradılmış məşəl hamısını əvəz edir. Bəlkə hansısa başqa variant seçək? Məsələn, Şəhidlər Xiyabanında olan boş divara itkin düşmüşlərin adlarını yazmaq da olar. Bundan başqa, maarifləndirmə işi aparıb vətəndaşları məlumatlandırmaq lazımdır ki, itkin düşmüşlərin ailəsinə 11 min manat ödənilməlidir. Çox ailələri aldadırlar, köhnə qanunu əsas gətirib, 1100 manat verirlər, sonra yanına bir sıfır da əlavə edirlər”.

Tədbirdə iştirak edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat katibi Gülnaz Quliyeva təmsil etdiyi qurumun itkin düşmüşlərlə bağlı gördüyü işlərdən söz açıb. Onun sözlərinə görə, hazırda komitənin siyahısında 4500 nəfərdən artıq adam var: “Yaxşı olar ki, itkin düşmüşlərlə bağlı ayrıca qanun qəbul olunsun. Artıq bununla bağlı təkliflərimizi də, model qanun layihəsi də vermişik”.

Oğlu itkin düşmüş Bərdə rayon sakini Nuriyyə Nəcəfova da diqqətsizlikdən gileylənib: “Bayramda bütün şəhid ailələri qəbir üstünə gedir. Mənim getməyə yerim yoxdu, dərdimi evimdə çəkirəm. Mənə heç kimin pulu lazım deyil, təki hörmətsizlik etməsinlər”.

Digər zərərçəkən Balakən rayonu, Talalar kənd sakini Əsgər Şeşdirov da haqsızlıqdan danışıb: “Məhkəmə sığorta haqqının ödənilməsi ilə bağlı qərar çıxarandan sonra rayon sığorta şöbəsinin iki üzvü gəldi qapıma ki, 50 faizə razılaş pulu verək”.

Tədbirdə hüquq müdafiəçisi Mətləb Mütəllimli, Ələkbər Məmmədov, Əvəz Həsənov da problemin aktuallığından söz açıblar. M.Mütəllimli itkin düşmüşlərin ailələrinin müdafiəsi komitəsinin yaradılması təklifi ilə çıxış edib. Tamella Zeynalova məhkəmə işinin Avropa Məhkəməsinə qədər uzadılmasını məqsədəmüvafiq hesab edib. Kərim Kərimli isə problemi telekanallara çıxarılması təklifini irəli sürüb.

Millət vəkili Fazil Mustafayev isə problemlə bağlı parlamentdə məsələ qaldıracağına söz verib: “Sığorta şirkətləri bir nəfərin mülkiyyətidir və məqsəd də ancaq öz yaşayışını təmin etməkdir. Mən bu problemi Milli Məclisdə qaldıracam. Həmçinin burada səslənən qanun layihəsini, abidə məsələsini də gündəmə gətirəcəm. Bu gün rəsmi qaydada Şəhidlər Xiyabanı ziyarət edilərkən yalnız 20 yanvar şəhidlərinin məzarına gül qoyulur. Heç kim onların əməlini azaltmır, amma onlara edilən hörmət Qarabağ uğrunda şəhid olanlara edilmir. Bu mexanizmin özü yanlışdır, tendensiyanı dəyişmək lazımdır”.

Millət vəkili öz təkliflərini də verib: “Azərbaycanda məhkəmə sistemi bərbad vəziyyətdədir. Təsəvvür edin, Amerika məhkəməsinin böyük hissəsini bəraət işi təşkil edir, bizim məhkəmələrin isə 1 faizini bəraət işi təşkil edir. Məhkəmədən süründürməçilik vasitəsi kimi istifadə edirlər. Yaxşı olar ki, itkin düşmüş şəxslərin ailələri arasında maarifləndirmə işi aparılsın. Onların ailələrinə bilgiləndirici məktublar göndərib qanunla haqları başa salınsın, bildirilsin ki, sığorta haqqı 11 min manatdır. Bundan sonra hər kəs öz haqqının müdafiəsinə qalxacaq və məhkəməyə ehtiyac olmayacaq”.

Tədbirdə iştirak edənlər maarifləndirmə işində medianın yaxından köməklik göstərməsinin əhəmiyyətini də vurğulayıblar.

HVA AMK-nın

Mətbuat katibliyi

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>