"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
Elxan Şahinoğlu
İçindəkilər
1. Dalana dirənən danışıqlar
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar dalana dirənib. 2010-cu il münaqişənin həllinə yenilik gətirmədi. Rusiya prezidenti Dmitri Medvedevin xüsusi fəallığı da nəticə vermədi. 2010-cu ildə Soçi, Sankt-Peterburq və Həştərxanda keçirilən görüşlərdə irəliləyiş əldə olunmadı. 2011-ci ildə üçtərəfli görüşlər seriyası yenə Soçidən başladı. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri ötən il olduğu kimi, bu dəfə də 2014-cü il olimpiadasının keçiriləcəyi məkanda bir araya gələrək fikir mübadiləsi apardılar.
Ermənistan əvvəlkitək “Yeniləndirilmiş Madrid” planını qəbul etmir, fəal vasitəçilik funksiyasını həyata keçirən Kreml isə bu məsələdə İrəvana təzyiq etməyi düşünmür. Əksinə, Dmitri Medvedev keçən ilin avqust ayında Ermənistana səfər edərək, erməni həmkarı Serj Sərkisyanla Gümrüdəki hərbi bazanın vaxtının uzadılmasına dair anlaşma imzaladı. Anlaşmanın yeni maddəsinə görə, Rusiyanın hərbi bazası bundan sonra Ermənistanın təhlükəsizliyinə də cavabdeh olacaq.
“Yeniləndirilmiş Madrid” planının ümumi mahiyyəti bəllidir: işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl) və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi hələ bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir.
Azərbaycan hakimiyyəti bəzi istisnalarla bu prinsipləri ümumən qəbul etdiyini açıqlayıb. Rəsmi Yerevan isə hələ düşünür: planda göstərilən ardıcıllıq onu qane etmir, bütün maddələrin Dağlıq Qarabağın yekun statusuna bağlanmasını istəyir. Yerevan Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək referendum məsələsinə konkretlik gətirməyi tələb edir.
Azərbaycan hakimiyyəti status məsələsini ümumilikdə rədd etməsə də, planın ilkin maddələri yerinə yetirildikdən sonra bu mövzunun müzakirəsinin mümkün olduğunu vurğulayır. Əslində söhbət yenə əvvəlki illərdə olduğu kimi, “mərhələli” və “paket” həll variantlarından gedir. Azərbaycanın “əvvəlcə torpaqlar işğaldan azad edilsin, qaçqınlar geri qayıtsın, sonra o biri məsələlərin müzakirəsi mümkündür” tələbi “mərhələli həll” planına uyğundursa, Ermənistanın bu deyilənlərin statusla birgə həll olunması tələbi isə “paket həll” variantı deməkdir.
Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ilin iyul ayında Rusiyanın “RTR” televiziya kanalına verdiyi müsahibədə həll planındakı referendum maddəsinin izahını belə verib: “Referendum 10 il, 20 il, 100 il sonra keçirilə və ya heç keçirilməyə də bilər”. (1)
Aydındır ki, Azərbaycan referendum tarixini qeydə alacaq həll planına yaşıl işıq yandıra bilməz. Çünki bu, faktiki Dağlıq Qarabağa müstəqillik yolunun açılması demək olardı. Dağlıq Qarabağa nə qədər azərbaycanlı qaçqın qayıtsa da, bütün hallarda bölgədə nisbət ermənilərin xeyrinə olacaq. Bu nisbətdə keçirilən istənilən referendumun nəticəsi isə əvvəlcədən bəllidir.
İlham Əliyev 2009-cu ilin noyabrında məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışında (2) Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinin mürəkkəbləşdiyini açıq etiraf etdi. Prezidentin həmin çıxışından 4 nəticə çıxarmaq mümkün idi:
1. Ermənistanın mövqeyi sərtləşib və danışıqlarda geriləmə müşahidə olunur, Yerevan vaxtı uzatmaqda maraqlıdır;
2. Erməni lobbisinin təsiri altında olan beynəlxalq birlik Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmır;
3. Minsk Qrupunun fəaliyyəti nəticə vermir;
4. Bu vəziyyətdə Azərbaycan Ermənistana siyasi, iqtisadi və hərbi təzyiqini artırmaqda davam edəcək.
İlham Əliyev Ermənistanın real əhalisinin 1 milyon 700 min nəfər təşkil etdiyini, Azərbaycanın əhalisinin isə 10 milyona yaxınlaşdığını xatırlatdı. O, hazırda iqtisadiyyatımızın Ermənistanın iqtisadiyyatından 7 dəfə, gələcəkdə isə 15 dəfə böyük olacağını, Ermənistanın bütün regional layihələrdən təcrid edildiyini dilə gətirdi. Bu sırada Azərbaycanın hərbi xərclərinin Ermənistan büdcəsinin tamamından artıq olduğunu və bu fərqin ildən-ilə artacağını da vurğulamaq lazım gəlir.
Buna baxmayaraq, Ermənistan dirənməkdə davam edir. Həll planının 95 faizinin tərəflərlə razılaşdırıldığını deyən həmsədrlər status məsələsində ilişib qalıblar. Elə bütün anlaşılmazlıqlar, danışıqların yerində sayması məhz həmin 5 “faizlə” – Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixi ilə bağlıdır. Təkcə bu maddə bütün digər maddələrin tamamından ağır gəlir və təsadüfi deyil ki, “əgər anlaşmada bir müddəa razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb” kəlməsi diplomatların dilindən düşmür.
2. Dünyadakı muxtariyyətlərin ana xətti
Azərbaycan rəsmiləri Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı açıqlama və müsahibələrində bir fikrin üzərində xüsusi dayanırlar: “Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verilə bilər”.
Bunun nə demək olduğunu anlamaq üçün dünyada mövcud olan ən tanınmış muxtariyyət modellərinə diqqət yetirmək lazımdır. Aparılan araşdırmalar göstərir ki, Avropa, Amerika və Asiya qitələrini əhatə edən fərqli modellərin ana xətti eynidir: ilkin illərdəki separatçılıq, müstəqillik tələbləri, ardınca az və ya çox sayda terror aktları və ən sonda birgə yaşamanın verdiyi üstünlüklərə qayıdış. Bu ana xətt erməni separatçılarının “bir münaqişə o birinə bənzəmir” deyiminin işə yaramadığını ortaya qoyur. Dağlıq Qarabağın dünyadakı muxtariyyət modellərindən fərqi nədir? Əlbəttə, bir münaqişədə az, o birisində daha çox qan tökülə bilər, ancaq bütün muxtariyyət modellərində nəticə oxşardır, xalqların, icmaların birgə yaşamasının üstünlükləri daha çoxdur. Təsadüfi deyil ki, Kvebek və ya Puerto-Rikoda keçirilən referendumlarda müstəqillik tərəfdarları hər dəfə məğlubiyyətə düçar olurlar.
Ermənistan hakimiyyəti muxtariyyətlərin hər hansı birində müstəqilliklə bağlı referendum keçirildiyi zaman adı çəkilən nümunələrə müraciət edir. Ancaq, göründüyü kimi, referendumlar heç də hər zaman separatçıların istədiyi kimi nəticələnmir. Çünki xalqların birgə yaşaması, bölgədə inam atmosferinin formalaşması və davamlı sabitlik müstəqilliyi arxa plana keçirir.
Azərbaycanın da istəyi budur ki, əvvəlcə işğal altındakı torpaqlar boşaldılsın, keçmişdəki əlaqələr bərpa olunsun, iki xalq arasında inam atmosferi formalaşsın, Dağlıq Qarabağ erməniləri muxtariyyətin geniş səlahiyyətlərindən yararlansınlar ki, gələcəkdə referenduma ehtiyac qalmasın, ermənilər də belə bir şəraitdə müstəqilliyin uçuruma, yeni müharibə və qırğınlara yol açdığını anlasınlar.
Erməni separatçılarının hazırda istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovodur. Bu bölgənin müstəqilliyi bir çox Qərb dövləti tərəfindən tanındığından və BMT-nin Haaqa Məhkəməsi də Kosovonun müstəqilliyinin elanının beynəlxalq qanunların pozulmaması kimi qiymətləndirdikdən sonra Yerevan hərəkətlənib. Ermənistan hakimiyyəti Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edir. Ancaq Rusiya qıcıqlanmasın deyə, Yerevan Kosovonun müstəqilliyini indiyə qədər tanımayıb. Bu, Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda mübarizə aparan Ermənistanın bu “müstəqilliyi” indiyə qədər tanımamasına bənzəyir. Ermənistanın siyasi dairələrində onu da yaxşı anlayırlar ki, Kosovonun müstəqilliyinin daima örnək kimi göstərilməsi qonşu Gürcüstanın parçalanmasının da dəstəklənməsi anlamına gəlir. Çünki Abxaziya və Cənubi Osetiya da “müstəqilliklərini” elan ediblər. Türkiyə və Azərbaycanın ardından Gürcüstanla da münasibətlərin pozulması Ermənistanın indiki çətin vəziyyətini bir az daha ağırlaşdırar.
Qərb Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da əlinə düşən fürsətdən istifadə edərək Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıyıb. Bununla Qərbin Kosovo üçün “unikal” həll yolu adlandırdığı müstəqilliyi Kreml “universal”, yəni hamı üçün örnək ola biləcək həll yoluna çevirməyə çalışıb. Ancaq Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz. Qərb dövlətlərinin liderləri və diplomatları bunu dönə-dönə vurğulayırlar. Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Kosovodan fərqli olaraq, Dağlıq Qarabağda azərbaycanlılar etnik təmizlənməyə məruz qalıblar, ona görə də iki fərqli bölgə arasında paralellər aparmaq yersizdir.
Separatizmlə üzləşən dövlətlərin, o cümlədən Azərbaycanın dünyanın müxtəlif bölgələrindəki muxtariyyətlərə artan marağı labüddür. Dünyanın tanınmış simalarından Dalay-lamanın 2009-cu ildə İtaliyaya səfəri zamanı xüsusi olaraq Cənubi Tirola yollandığını xatırlatmaq lazım gəlir. (3) Tibetin muxtariyyəti uğrunda mübarizə aparan Dalay-lamanın həmin bölgəyə səfərinin məqsədi İtaliyaya bağlı muxtar əyalətdə xalqların necə birgə yaşamasının nümunəsi ilə yerindəcə tanış olmaq idi. Bu və bu kimi təcrübələrin öyrənilməsinə ehtiyac var. Çünki sonda Dağlıq Qarabağa veriləcək status dünyada mövcud olan muxtariyyatların statusundan artıq olmayacaq.
3. Muxtariyyətin Naxçıvan modeli
Əslində Azərbaycanın tərkibindəki muxtariyyət təcrübəsinə də müraciət etmək olar. Söhbət Naxçıvan Muxtar Respublikasından gedir.
Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi – parlamenti həyata keçirir.
Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır.Məclisin tərkibi 45 nəfər deputatdan ibarətdir.Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir . İldə iki sessiya keçirir; Azərbaycan respublikasının Prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə, Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2. vergilər;
3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4. sosial tə`minat;
5. ətraf mühitin qorunması;
6. turizm;
7. səhiyyə, elm, mədəniyyət.
Beləliklə, siyasi və iqtisadi zəmində kifayət qədər geniş səlahiyyətlərə malik olan Naxçıvan inkişaf yolunu özü müəyyənləşdirir. Əlbəttə, Naxşıvandakı hazırki idarəetməylə bağlı xeyli suallar var, ancaq önəmli olan hər iki tərəfin səlahiyyət bölgüsünə riayət etməsidir. Yəni Naxçıvan nümunəsi göstərir ki, Dağlıq Qarabağ da ona verilən səlahiyyətlər çərçivəsində bölgənin inkişafı, qanunverici və icraedici institutların formalaşmasını təmin edə bilər, yaranan suallar isə dialoq çərçivəsində Xankəndi ilə Bakı arasında həll oluna bilər.
ALAND ADALARI – ƏN OPTİMAL MUXTARİYYƏT STATUSU
Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllinə uyğun modellər haqqında danışdıqda ən çox Finlandiyaya məxsus isveçlilərin yaşadığı Aland adaları misal çəkilir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü. (4)
Aland – Baltik dənizində irili xırdalı 8 min adadan ibarətdir. İnsanlar yalnız böyük adalarda yaşayırlar. Əhalisinin böyük əksəriyyəti isveçlilərdən ibarət olan Aland adaları 1808-ci ilədək İsveç Krallığının tərkibində olub. Həmin il İsveç Rusiya imperiyasına müharibədə məğlub olaraq Aland adalarını və Finlandiyanı Rusiyaya vermək məcburiyyətində qalıb. 1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra Finlandiyanın müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınıb. Həmin il Aland adalarının isveçli sakinləri İsveçlə qovuşmağa çalışırlar. Ancaq Finlandiya Aland sakinlərinin öz müqəddəratlarının təyininə qarşı çıxır. Adada imzatoplama kampaniyası keçirilir, eyni zamanda gizli təşkilatlar yaranmağa başlayır. Burada silahlı qarşıdurma olmasa da, Finlandiya polisi bir qrup separatçı isveçlini həbsə alır. 1921-ci ildə Millətlər Liqası Aland adalarını Finlandiyanın ərazisi elan edir. Qərarda Finlandiyadan ada sakinlərinin dillərini, adət-ənənələrini və mədəniyyətlərini qorunması istənilir. Finlandiya ilə İsveç bu qərarın birgə yerinə yetirilməsi mexanizmi üzərində çalışmalara başlayırlar.
İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisinin dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, bununla assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı isveçlilərin təhlükəsizliyinə və soydaşları ilə maneəsiz əlaqə yaratmağa təminat alır. 1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq – adaların daxili işləri və büdcə haqqında qanun qəbul etməklə yanaşı, hökuməti təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq, Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə özünüidarə qanunlarına dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı – xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın səlahiyyətlərinə daxildir.
Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb-bağlamaqdan ibarətdir.
İqtisadiyyat sahəsindəki münasibətlər də sadə quruluşa malikdir: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.
Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda – adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə qorxu yaradanda veto qoya bilər.
Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına Aland vətəndaşlığı verilir.
Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular yerləşdirmək yasaqdır.
Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir.
Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.
Beləliklə, Aland modelini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiq etsək, bölgənin yerli parlamenti daxili məsələlər və büdcə ilə bağlı qərarlar qəbul edə, hökuməti formalaşdıra bilər.
Dağlıq Qarabağ parlamentinin və hökumətinin fəaliyyət sferaları bunlardan ibarət ola bilər:
- Təhsil və mədəniyyət;
- Səhiyyə;
- İqtisadiyyatın bəzi sahələri;
- Nəqliyyat;
- Kommunal təsərrüfat;
- Polis;
- Poçt xidməti;
- Radio və televiziya.
Aland modelinə əsasən Dağlıq Qarabağ aşağıdakı səlahiyyətləri Azərbaycan Prezidenti və parlamentinə həvalə edir:
- Xarici siyasət;
- Məhkəmə və cinayət hüququ;
- Vətəndaş kodeksinin böyük hissəsi;
- Gömrük və pul dövriyyəsi.
İqtisadiyyat sahəsində tərəflər arasında münasibətlər isə belə qurula bilər: Azərbaycan hökuməti ölkə üzrə olduğu kimi, Dağlıq Qarabağda da vergiləri yığır, sonra dövlət büdcəsindən müəyyən edilmiş əsasda yerli büdcəyə ayırmalar edir. Ayrıca Dağlıq Qarabağ parlamentinin qəbul etdiyi qərarlar Azərbaycan prezidentinə göndərilir. Alandda olduğu kimi Azərbaycan dövlət başçısı da iki halda veto hüququndan istifadə edə bilər: əgər yerli parlament hüquqlarını aşıbsa və ya qəbul edilən qanun Azərbaycanın daxili və xarici təhlükəsizliyinə ziddirsə. Aland modelinə görə, Dağlıq Qarabağ sakinləri Azərbaycan ordusunda xidmətdən azad edilə bilərlər. Bölgədə hərbi hissələr yerləşdirmək və istehkamlar qurmaq qadağan edilə bilər. Dağlıq Qarabağ Ermənistanla əməkdaşlıq hüququna malik olur.
Bir sözlə, Aland modelinin tətbiqi halında böyük idarəetmə hüququ qazanan Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır, Ermənistanla sıx əlaqələr qurur və bölgə silahsızlaşdırılır.
Əslində Aland modeli Azərbaycan Konstitusiyasının Naxçıvana verdiyi hüquqlardan çox deyil. Sadəcə, Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacaqları üçün Aland modelinin tətbiqi ətrafında əlavələrə ehtiyac olacaq. Məsələn, Dağlıq Qarabağ parlamenti və hökumətinin formalaşdırılmasında azərbaycanlıların iştirakı mexanizmi və bölgə polisindəki nisbəti müəyyənləşdirilməlidir.
4. TATARISTAN MODELİ İQTİSADİ RİFAH DEMƏKDİR
Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışılarkən, zaman-zaman Tatarıstan modelinə də istinad edilir. Rusiya Federasiyasının mərkəzində yerləşən və 4 milyona yaxın əhalisi olan Tatarıstanda 70-dən çox millət yaşayır. Əhalinin əksər hissəsi tatar və ruslardan ibarətdir. Tatarıstan SSRİ-i dağılmağa başladığı ərəfədə cəld tərpənərək, statusunu artırmağa nail oldu. Rusiya Federasiyasının tərkibində muxtar respublika olan Tatarıstan 1990-cı il avqustun 30-da dövlət suverenliyi haqda bəyannamə qəbul etdi. Suverenlik haqqında bəyannaməyə görə, bölgə rəsmən Tatarıstan Respublikası adlandırılır.
Tatarıstanın suverenlik aktında yazılıb ki, Tatarıstan Respublikasının statusu Tatarıstan Respublikası və Rusiya Federasiyasının birgə razılığı olmadan dəyişdirilə bilməz. Eyni zamanda Tatarıstan Respublikası ərazisinin sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz. Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xarici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Sənədin digər maddəsində Tatarıstan Respublikasının Konstitusiyası və ona düzəlişlərin Tatarıstan Respublikası Dövlət Şurasında və ya referendum yoluyla qəbul edildiyi bildirilib.
Tatarıstan modeli də Dağlıq Qarabağ üçün uğurlu örnək ola bilər. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması, müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli hakimiyyət institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir.
Tatarıstan kifayət qədər geniş iqtisadi müstəqilliyə malikdir. Çünki Tatarıstan Rusiyanın tərkibində ən varlı bölgələrdəndir. Rusiyanın bir neçə nəhəng zavodu Tatarıstanda yerləşir, ayrıca bölgə enerji resursları ilə zəngindir. Tatarıstan qazancının böyük hissəsini özündə saxlayır və bu amil bölgənin inkişafında önəmli rol oynayır. Dağlıq Qarabağın iqtisadiyyatında isə kənd təsərrüfatının xaricində öyünəcək elə bir qazanclı sahə yoxdur. Bu isə o deməkdir ki, kənar yardıma ehtiyac duymayan Tatarıstandan fərqli Dağlıq Qarabağa Azərbaycan büdcəsindən önəmli ayırmalar da mümkündür və bu bölgənin yekun statusunda da əksini tapa bilər.
5. Cənubi Tirol: Referenduma ehtiyac duyulmayan geniş muxtariyyət
İtaliyaya bağlı olan Cənubi Tirol nümunəsi də var. Bu bölgədə almandilli əhali üstünlük təşkil edir. Tirol özü Avstriyada yerləşir, paytaxtı İnsbruk şəhəridir. Ancaq Tirolun cənub hissəsi İtaliyaya məxsusdur. Cənubi Tirol muxtariyyəti iki dildə danışan xalqın birgə yaşamasının bariz nümunəsidir. Cənubi Tirolda həm alman, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar qəbul edilərək həyata keçirilir. (5) Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Yığılan verginin təxminən 90 faizi əyalətdə qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir.
Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə məsələ Konstitusiya məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir. Parlament və komitələrdə həyata keçirilən səsvermədə də etnik amilə diqqət yetirilir ki, hər hansı qanunun qəbulunda iki xalqın mənafeləri diqqətə alınsın.
Buna baxmayaraq, hər yerdə olduğu kimi Cənubi Tirolda da ara-sıra separatçı meyllər özünü göstərir. Geniş hüquqlara malik əyalətdə həyat şəraitinin yüksək olmasına baxmayaraq, müstəqillik tələb edənlər Cənubi Tirolda da var. Separatçı elementlər alman dillilərlə italyan dillilərin əyalətdə “birgə yaşamadıqlarını”, sadəcə “yanaşı yaşadıqlarını” iddia edirlər. Ancaq əhalinin dəstəyini ala bilməyən separatçılar azlıqdadırlar, çünki Cənubi Tirolun alman dilli əhalisinin belə şüarlara ehtiyacları yoxdur, alman dillilər istədikləri qərarları qəbul edir, istədikləri kimi yaşayırlar, buna görə də müstəqilliyə ehtiyac qalmır.
Cənubi Tirolun muxtariyyət statusu ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür. Birinci oxşarlıq Dağlıq Qarabağda olduğu kimi Cənubi Tirolun da iki icmadan formalaşmasıdır. İkinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır. Üçüncü oxşarlıq, Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasını tələb edir.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli planında bütün maddələrin bərabər tutulmasını, torpaqların azad olunmasını referenduma bağlayır. Cənubi Tirol nümunəsində isə problem mərhələli şəkildə həllini tapıb. Əgər Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər. Müstəqilliyin münaqişəyə yol açacağını sonrakı illərdə anlayan Avstriya tərəfləri razı salacaq varianta üstünlük verdi ki, prosesdə qalib və məğlub olmasın. Yoxsa alman dillilər də bölgə statusunun müəyyənləşməsində referendum tələbini önə çəksəydilər, proses tamam başqa, təhlükəli istiqamətdə cərəyan edə bilərdi. Buna ehtiyac duymayan hər iki xalq hazırda eyni siyasi, iqtisadi və mədəni məkanda varlığını sürdürür. Doğrudur, bizim halda Dağlıq Qarabağ və ətrafda tökülən qanlar hafizələrdən hələ uzun illər silinməyəcək. Ancaq əgər Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşamalarının obyektiv çətinlikləri varsa, “yanaşı yaşamağa” da heç nə mane olmur.
Alman dillilərin bölgəni Cənubi Tirol, italyan dillilərin Bolsano adlandırması da münasibətlərdə problem yaratmır. Dağlıq Qarabağın paytaxtını azərbaycanlılar qədim adı ilə – Xankəndi deyə çağırırlar, ermənilər isə Stepanakert deyirlər. Beynəlxalq konfranslara qatılan erməni separatçıları yaşadıqları şəhərin Xankəndi kimi təqdim edilməsinə daima etiraz edirlər, halbuki Cənubi Tirol-Bolsanonun nümunəsində ad məsələsinin tərəflərin öhdəsinə buraxıldığı görünür.
Cənubi Tirolda verginin 90 faizinin əyalətdə saxlanılması əlavə olaraq da İtaliyanın dövlət büdcəsindən yararlanması mexanizmi Dağlıq Qarabağda da uğurla işləyə bilər.
6. Dağlıq Qarabağ üçün aralıq status
Beləliklə, muxtariyyətləri birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Ən əsası, bu muxtariyyətlər tarixdən aldıqları acı dərsləri doğru dəyərləndirərək, sonrakı illərdə qarşıdurmaya yox, əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük veriblər. Bu yol həm muxtar qurumları, həm ərazilərində yerləşdikləri dövlətləri, həm də bölgəni mümkün təlatümlərdən sığortalayıb.
Dağlıq Qarabağ münaqişəsinin də təlatümsüz həll yoluna ehtiyacı var. Bu, qarşılıqlı güzəştlər tələb edən yoldur. Əlbəttə, yaxın tarixdə üzləşdiyimiz faciələr hələ uzun müddət unudulmayacaq. Ancaq gələcək inkişaf və yeni savaşın ortadan qaldırılması naminə sülh planı hərəkətə gətirilməli, əvvəllər olduğu kimi, Dağlıq Qarabağda iki icmanın varlığı sürdürülməlidir.
Madrid prinsiplərində Dağlıq Qarabağ üçün aralıq status nəzərdə tutulub. Bu status qeyri-müəyyən keçid dövründə hər iki tərəf üçün məqbuldur. Aralıq status aşağıdakı nəticələrin əldə olunmasına xidmət edə bilər:
- Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verilir;
- İşğal altındakı torpaqlar boşaldılmağa başlanır, dəhliz məsələsi həll olunur və kommunikasiya xətləri açılır;
- Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətlərinin normallaşması prosesi başlayır, sərhədlər açılır, diplomatik münasibətlər bərpa olunur.
Azərbaycan prezidenti 2009-cu il iyulun 13-də Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərində müstəqilliyə nail olmaq üçün mexanizmlərin olmadığını, ancaq aralıq statusunun mümkünlüyünə bu sözlərlə işarə etmişdi: “Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ bu günə qədər heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. Bu, aydın şəkildə onu göstərir ki, müstəqillik mümkün deyil. Nəyə nail olmaq olar? Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında sülh şəraitində birgə yaşamasına nail olmaq mümkündür”. (6) Başqa sözlə, iki icma hazırkı statussuz şəraitdə də birgə yaşaya bilər. Önəmli olan masa üzərindəki həll planını hərəkə gətirməkdir.
Mənbələr:
(1) – “Azərbaycan Prezidenti RTR kanalına müsahibə verib”. www.elibrary.az. 2009;
(2) - “Azərbaycan Prezidenti məcburi köçkün ailələri üçün inşa edilmiş binaların açılışında çıxış edib”. www.prezident.az. 2009;
(3) «Далай-лама в гостях у регионального правительства Южного Тиролья – автономного региона Северной Италии с особым законодательством». ASKA. 2009;
(4) – “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək zamanıdır”. www.apa.az. 2008;
(5) – «Статус Южного Тироля». www.dic.academic.ru. 2005;
(6) - “Statussuz status”. Media Forum. 2010;
This post is also available in: English