"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
Elxan Şahinoğlı- “Atlas” Araşdırmalar mərkəzi
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Cənubi Qafqaza mümkün təsirləri
İÇİNDƏKİLƏR
Giriş
Giriş
Türkiyə ilə Ermənistan arasında 10 oktyabrda İsveçrədə imzalanan protokollar iki dövlət və iki xalq arasında münasibətləri tənzimləməyi qarşısına məqsəd qoyub. Protokollara görə, iki dövlət arasında diplomatik münasibətlər qurulmalı, sərhədlər açılmalı və xalqlar arasında inam atmosferi formalaşdırılmalıdır.
Ancaq iki dövlət və iki xalq arasındakı ixtilafın obyektiv və subyektiv amillərə bağlı olması və bu prosesə kənar təsirlər normallaşma prosesinin tərəflər üçün heç də hamar keçməyəcəyinə işarədir.
Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyərkən, erməni lobbisi və müxalifətin sərt müqavimətiylə üzləşib, Türkiyə isə İrəvanla təmaslarında strateji müttəfiqi Azərbaycanın maraqlarını, Dağlıq Qarabağ və işğal altındakı torpaqlar amilini diqqət mərkəzində saxlamaq məcburiyyətindədir. Bununla da Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin nizamlanması yalnız bu iki dövlətə aid olmayıb, bötüvlükdə Cənubi Qafqazdakı proseslərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə bu və ya digər dərəcədə təsir etmək gücündədir. Bu səbəbdən Türkiyə-Ermənistan dialoqu qədər bu prosesə kənar təsirlər də gündəmdə ağırlığını qoruyur.
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması bölgədə marağı olan böyük güclərin – Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın da maraq dairəsindədir. Bunlardan hər birinin Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından gözləntiləri var. Biri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qaqfqazda sülh və əmin-amanlığın yaradılması, bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiya olunması, demokratiyanın inkişafı, enerji resurslarının dünya bazarlarına təhlükəsiz daşınması, bir başqası üçünsə bölgə üzərindəki nəzarətini itirməməsidir.
Bu hesabatda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin qısa tarixinə, perspektivinə, Cənubi Qafqazda formalaşa biləcək yeni şəraitə və bu prosesin Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün neqativ və pozitiv təsir imkanlarına nəzər yetiriləcək.
Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra onu tanıyan ölkələr içərisində qonşusu Türkiyə də yer almışdı. Ancaq Dağlıq Qarabağda separatçı fəaliyyətlərin güclənməsi və Azərbaycan torpaqlarının işğalı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına imkan vermədi. Ermənistanın hərbi birləşmələri 1993-cü ildə Dağlıq Qarabağa aidiyyatı olmayan Azərbaycanın Kəlbəcər bölgəsini işğal etdikdən sonra isə Türkiyə Ermənistanla sərhədi qapatmaq qərarını verdi.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına çox çalışsa da, buna nail olmadı. Çünki, İrəvan Türkiyə ilə münasibətləri nizamlamaq istəyrkən, Dağlıq Qarabağ münaqişəsinin nəzərə alınmamasından çıxış edirdi. Buna isə Ankara razılaşmırdı. Ona görə də bu illərdə Ermənistan və Türkiyə rəsmiləri və diplomatları arasında açıq və gizli görüşmələr nəticə vermədi.
Türkiyənin mövqeyi qəti idi: “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq”. Ancaq bu Türkiyənin Ermənistanla münasibətləri nizamlamaq üçün İrəvana irəli sürdüyü yeganə şərti deyildi. Ankara Ermənistan iqtidarından daha iki tələbini yerinə yetirməsini istəyirdi: “Türkiyənin sərhədlərini rəsmən tanıyın və sözdə soyqırımın beynəlxalq aləmdə tanınması çalışmalarından əl çəkin”.
Bu illərdə Türkiyədə bir neçə hökumət dəyişsə də, Ankaranın Ermənistan siyasəti dəyişməz qaldı. 2000-ci illərin əvvəllərində Türkiyədə hakimiyyətə Ədalət və İnkişaf Partiyası gəldikdən sonra isə Ankaranın siyasətində yeniliklər sezilməyə başladı. Yeni hökumət Türkiyədə siyasi və iqtisadi islahatların dərinləşməsi, Avropa Birliyinə üzvlük, Kipr məsələsinin həlli istiqamətində addımlar atdı. Bu sırada Ermənistanla münasibətlərin normallaşması da getdikcə aktuallaşırdı. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan 2005-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Koçaryana məktub yazaraq sözdə soyqırımın araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasını təklif etdi. Ermənistan prezidenti bu təklifə razılaşmayaraq heç bir şərt irəli sürülmədən Türkiyə ilə münasibətləri nizamlamağa hazır olduğunu vurguladı.
Əslində Türkiyə ilə Ermənistan rəsmiləri arasında başlanan bu təmaslar və məktublaşma Azərbaycan hakimiyyəti üçün bir növü xəbərdarlıq olmalıydı. Türkiyə Ermənistanla sərhədin qapalı qaldığı 16 ildə daim böyük dövlətlərin və beynəlxalq təşkilatların təzyiqi ilə üzləşib, erməni lobbisi bu amildən öz məqsədləri üçün istifadə edib. Demək gec və ya tez Ankaranın Ermənistan siyasətində hansısa korrektə gözlənilən idi. Ancaq Ankaranın siyasətinin dəyişikliyinə Azərbaycan hakimiyyəti və cəmiyyəti hazır deyildi. Düşünülürdü ki, Türkiyə təzyiqlərə rəğmən, sonsuzadək Azərbaycanın maraqlarını nəzərə alacaq. Ona görə də indi Türkiyə ilə Ermənistan arasında yaxınlaşma meylləri gücləndikdə bu Azərbaycanın siyasi və ictimai dairələrinə çaşqınlığa səbəb olub, Ankaranın siyasətinə etiraz da bundan irəli gəlir.
Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında meydana gələn savaş və ondan doğan nəticələr Ankaranı Cənubi Qafqaz və Ermənistan siyasətində dəyişikliklərə qərar verdi.
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adında ideya irəli sürdü. Əslində ideya yeni deyildi. Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsünü başqa ad altında hələ 1999-cu ildə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl irəli sürmüşdü. Ancaq o zaman bölgə ölkələrinin diqqəti Çeçenistan hadisələrinə yönəldiyindən təşəbbüs dəstək qazanmamışdı. Ərdoğan faktiki həmin təşəbbüsü canlandırmağa çalışırdı. Ərdoğanın bu təşəbbüsünü bölgənin bütün maraqlı ölkələri – Rusiya, Gürcüstan, Azərbaycan, hətta Ermənistan dəstəklədi. Bircə Gürcüstan prezidenti Mixail Saakaşvili bu ideyanın reallaşacağına şübhəylə yanaşdı. Saakaşvili hardasa haqlıydı. Çünkü Rusiya ilə Gürcüstan arasındakı münasibətlər o qədər gərginləşib ki, Ankaranın bu təklifinin reallaşacağı çətin görünür. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq qərarından geri çəkilən deyil. Buna görə də Rusiya ilə Gürcüstanın regional paktda birgə varlığı mümkün görünmür.
Nəticədə Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması haqqında müzakirələr səngiyib. Belə isə Ankara gerçəkləşməsi mürəkkəb görünən Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təklifini irəli sürməklə nəyə nail olmaq istəyirdi?
Ankaranın məqsədi bir az sonra məlum oldu. Hadisələrin sonrakı gedişatı göstərdi ki, rəsmi Ankara Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adıyla Ermənistanla münasibətləri nizamlamaq və Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol oynamaq istəyir. O biri tərəfdən də 1993-cü ildən bağlı olan sərhəd Ermənistanı Dağlıq Qarabağ danışıqlarında daha loyal mövqeyə sürükləmədi, İranın İrəvana verdiyi iqtisadi dəstək onu daha ağır durumdan qurtardı. Buna görə də, 2007-ci ildən Türkiyə ilə Ermənistan diplomatları arasında İsveçrədə gizli danışıqlara start verildi.
Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq istəyinin bir neçə hədəfi var:
a) Türkiyənin hazırki hökumətinin xarici siyasətinin əsas prioritetini “qonşularla sıfır problem” tezisi təşkil edir. Ankara bu siyasət çərçivəsində artıq Suriya ilə münasibətləri normallaşdırıb, iki ölkə arasındakı keçmiş gənginlik ortadan qaldırılıb, vaxtilə qapalı olan sərhəd məntəqələri açılıb, siyasi və iqtisadi təmaslar artıb. Ankaranın qonşu Yunanıstan və İranla münasibətlərində də inkişaf meylləri hiss olunur. Türkiyənin münasibətləri olmayan yeganə qonşusu Ermənistandır ki, Ankara bu ölkəylə də əlaqələri sivil müstəviyə keçirmək istəyir;
b) Ermənistanla münasibətlərin nizamlanmaması Türkiyənin Avropa Birliyinə üzvlüyü yolunda əngəllərdən biridir. Türkiyə quruma üzvlük yolunda bu əngəli aşmaq üçün Ermənistanla münasibətlərin hərtərəfli normallaşdırılmasına maraq göstərir. Ankara bu addımın Türkiyənin Avropa Birliyinə üzvlük yolunda Brüsseldə pozitiv amil olaraq yüksək qiymətləndiriləcəyinə ümid edir.
c) ABŞ prezidentləri hər il aprelin 24-də sözdə erməni soyqırımla bağlı bəyanat yayınlayırlar. Türkiyənin siyasi və diplomatik dairələri hər il bu bəyanatlarda “soyqırım” sözününün işlənməməsi üçün xeyli enerji sərf etmək məcburiyyətində qalırlar. Odur ki, Ankara Ermənistanla münasibətləri nizamlamağa başlamaqla hər il onun başını demokl qılıncıtək alan bu təhlukədən də qurtulmaq istəyir. Türkiyə-Ermənistan dialoqunun yoğunlaşması xaricdəki erməni lobbisinin sözdə soyqırımın tanıdılması yolundakı çalışmalarını da zəiflədir.
d) Türkiyə Balkanlar və Yaxın Şərq bölgəsində olduğu kimi Cənubi Qafqazdakı proseslərdə də fəal rol oynamaq istəyir. Bunun üçün isə Türkiyənin Cənubi Qafqaz dövlətlərinin hər biriylə ən azı diplomatik münasibəti olmalıdır. Türkiyənin Ermənistanla münasibətlərin yoxluğu Ankaranı Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı aktivlikdən məhrum edir.
e) Ermənistanla sərhəd açılarsa bu Türkiyənin sərhədyanı bölgələrinin iqtisadi baxımdan canlanmasına da yol açacaq, iki dövlət arasındakı iqtisadi-ticari mübadilə həmin bölgələrin müəyyən qədər iqtisadi inkişafına, o cümlədən işsizlik probleminin qismən aradan qaldırılmasına xidmət edəcək.
Türkiyənin iki müxalifət – Cumhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası imzalanan protokolların əleyhinədir. Onların başlıca arqumenti həmin protokollarda Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyinin göstərilməməsidir. Türkiyənin liberal dairələri, medianın əksər hissəsi və bir qisim yazar isə bütün hallarda Ermənistanla münasibətlərin nizamlanması, qonşu dövlətlə diplomatik münasibətlərin qurulması və sərhədin açılması tərəfdarı kimi çıxış edir, başqa mözularda hökumətu tənqid etsələr belə bu məsələdə iqtidarın siyasətini dəstəkləməyə hazır görünürlər.
Ermənistanda vəziyyət daha gərgindir. Prezident Serj Sərkisyan daxildə müxalifət, xaricdə isə lobbinin əksər hissəsiylə üz-üzə qalıb, protokollara qarşı piket və mitinqlərin sayı da durmadan artır. Ermənistanın müstəillik tarixində ilk dəfədir ki, rəsmi İrəvanla lobbinin böyük bir qismi (lobbinin az hissəsi də var ki, Sərkisyana açıq dəstək verməsələr belə ona mane olmaq da istəmirlər) üz-üzə gəlib, maraqlar toqquşub. Müxalifət və erməni lobbisi protokollarda Türkiyənin ərazi bötüvlüyünün tanınmasının və sözdə soyqırımla bağlı ortaq komissiyanın yaradılmasından narazıdır. Doğrudur, Sarkisyan ortaq komissiyanın soyqırımı şübhə altına almayacağını iddia edir, ancaq lobbi və siyasi rəqibləri ona inanmır. Sözdə soyqırımın tanınması və Türkiyəyə ərazi iddiası illər boyu erməni lobbisinin fəaliyyətinin əsasını təşkil edən iki başlıca xətt olub. Protokolların imzalanması və gələcəkdə ratifikasiya olunmasıyla lobbinin hər iki movzu üzrə fəaliyyətinin effekti bir xeyli azalacaq.
Lobbi ancaq öz maraqlarını düşünür, Ermənistan hakimiyyəti isə ölkədəki iqtisadi vəziyyəti nəzərə almaq məcburiyyətindədir. Ermənistanda iqtisadi durum getdikcə ağırlaşır, əsas strateji ortağı Rusiyayla (2009-cu ildə bu ölkə ilə ticarət mübadiləsi 20 faiz azalıb) birbaşa sərhədi olmadığından Gürcüstan üzərindən tranzit həm baha başa gəlir, həm də qeyri-stabildir. Dünya Bankının hesabatına görə, Ermənistanda 2009-cu ilin yanvar-mart aylarında iqtisadi geriləmə 6.1 faiz səviyyəsində olub. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə 2010-cu ildə keçmiş SSRİ respublikaları içində ən çox iqtisadi geriləmə 15.6 faizlə Ermənistanda qeydə alınacaq. Ermənistan hakimiyyətini Türkiyəylə münasibətləri nizamlamağa sövq edən amillərdən biri də məhz iqtisadi geriləmənin qarşısını almaqdır. Ermənistan iqtidarı Türkiyə ilə sərhədlərin açılması və qonşu ölkəylə ticarət həcminin artırılması hesabına ağır iqtisadi durumdan qurtulmağı hədəfləyir. Ermənistan üçün daha keyfiyyətli mallara malik Türkiyə bazarı Rusiya və İran bazarından daha cəlbedici görünür.
Təsadüfi deyil ki, başda Sərkisyan olmaqla Ermənistanın iqtidar təmsilçiləri artıq Türkiyə ilə sərhədin açılmasının xeyirlərini hesablamağa həvəslidirlər. Ermənistanın maliyyə naziri Tiqran Davtyan Dünya Bankının hesabatına əsaslanaraq, Türkiyə ilə sərhədin açılmasının hər iki ölkənin xeyrinə olacağını vurğulayıb. Ticarət naziri Neres Eritsyan da həmkarına şərik çıxaraq ölkəsinin Avropa Birliyi ilə gələcəkdə sərbəst ticarət anlaşması imzalayacağını xatırladaraq bunları deyib: “Türkiyə Avropa Birliyinin Kömrük İttifaqının üzvüdür, sərhəd açıldıqdan sonra Türkiyə üzərindən Avropa Birliyi ölkələriylə ticarət əlaqələrinə baş vuracağıq”. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə Türkiyə ilə nizamlanma prosesi elan olunduqdan sonra İrəvanda keçirdiyi mətbuat konfranslarının birində ölkəsinin regional enerji layihələrinə maraq göstərdiyini bildirib.
Türkiyə-Ermənistan yaxınlaşmasına Azərbaycanda da fərqli yanaşmalar var. Böyük əksəriyyət düşünür ki, Türkiyə qeyd-şərtsiz Ermənistanla sərhədi açarsa, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcək. Onların fikrincə, Ermənistan ilkin mərhələdə heç olmazsa işğal altındakı 5 rayonun boşaldılmasına razı olmalıdır ki, Türkiyə-Ermənistan sərhədi açıla bilsin. Ancaq əks mövqedə olanlar da var. Belələrinin fikrincə isə, sərhəd qeyd-şərtsiz açılsa belə bunun Azərbaycana xeyri dəyəcək, Ermənistanın Rusiyadan asılığı azalacaq, Türkiyədən iqtisadi asılığı artacaq, daha çox Qərbə meyllənəcək, bu isə sonda İrəvanı Azərbaycanla dil tapmağa sövq edəcək.
Türkiyə ilə Ermənistan arasında “yol xəritəsi” müzakirələri ilk dəfə aprel ayında açıqlandıqda Azərbaycan hakimiyyətinin münasibəti sərt olmuşdu. İlham Əliyev Təhlükəsizlik Şurasını toplamışdı. Və ilk dəfəydi ki, İlham Əliyevin Təhlükəsizlik Şurasındakı niqti televiziyalarla tam olaraq yayınlanmışdı. Toplantıda “bizim də öz siyasətimizi bölgədə mövcud olan yeni reallığa uyğunlaşdırmaq hüququmuz var” deyən Əliyev bir neçə gün sonra Brüsselə səfər etdi. Əliyev Belçika paytaxtında jurnalistlərdən birinin “yol xəritəsiylə” bağlı sualına “yol xəritəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə bir cavab tələb edən sadə bir sualdır” şəklində cavab vermişdi.
Bu sual bir müddət cavabsız qaldı. İş o yerə çatdı ki, Əliyev Türkiyəyə satılan qazın ucuz olduğunu bildirərək, qiymətlərə yenidən baxılacağına eyham vurdu. “Türkiyə Rusiyadan qazın min kubametrini 400 dollara alırsa, Azərbaycana niyə 120 dollar ödəyir” sualı gündəmə gətirildi.
Nəhayət vəziyyətin gərginləşdiyini görən Ərdoğan Bakıya gəldi və Milli Məclisdəki çıxışında qətiyyətli surətdə bildirdi ki, işğal faktı ortadan qalxmayınca Ermənistanla sərhədi açmayacaqlar. Bununla Azərbaycan siyasi və ictimai dairələri rahatlaşdı.
Türkiyənin hakimiyyət dairələri Azərbaycandan sərt reaksiya gözləmirdilər. Çünkü bir müddət idi ki, iki ölkə diplomatları arasında təmaslar gerçəkləşdirilir və rəsmi Bakıya “yol xəritəsi” haqqında informasiyalar verilirdi. Ancaq görünür, Azərbaycan iqtidarında müəyyən şübhə yaranmışdı ki, türkiyəli həmkarları sənədlə bağlı detallarıın heç də hamısıyla onlarla bölüşmürlər. Ona görə Ərdoğan elə Bakıdakı çıxışındaca qeyd etdi ki, bundan sonrakı məsləhətləşmələr daha yoğun olacaq.
Deyilən kimi oldu. İsveçrə protokollarının bütün təfərrüatları Bakıya ötürüldü. Ona görə də sentyabrın ilk günlərində İsveçrədə protokolların razılaşdırılması haqqında xəbər gəldikdə bu dəfə rəsmi Bakı ciddi etiraz etmədi. Aprel-may aylarında rəsmi Bakının sərt etirazı və bir neçə millət vəklinin Ankaraya gedərək müxtəlif siyasi qruplarla təmasları Türkiyə iqtidarının işini xeyli çətinləşdirmişdi. Həmin millət vəkillərinin Türkiyə televiziya kanallarına çoxsaylı müsahibələri Türkiyədə “Ermənistanı qazanmaq istərkən, strateji müttəfiqimizi itirə bilərik” fikrinin genişlənməsinə yol açmışdı. Ümumiyyətlə Azərbaycanın maraqları Türkiyədə daxili siyasi çəkişmə mövzusuna çevrulib. Türkiyədə istənilən hakimiyyət üçün Azərbaycanın maraqlarını arxa plana alan siyasəti həmin iqtidarın reytinqini, ictimai rəydə mövqelərini zəiflətmək gücünə malikdir. Ona göre də Türkiyədə bütün hakimiyyətlər bu amillə hesablaşmaq məcburiyyətindədirlər. Bu səbəbdən Türkiyənin indiki hakimiyyəti bu dəfə işini daha ehtiyatlı tutdu. İsveçrə protokollarının razılaşdırılmasından iki gün əvvəl Ərdoğan İlham Əliyevə zəng etdi, ardından xarici işlər nazirinin müavini Bakıya məsləhətləşmələrə gəldi.
Buna baxmayaraq, 10 oktyabrda protokolların imzalanmasıyla Azərbaycanın müxtəlif təbəqələrində Türkiyənin siyasətindən yenidən narahatlıq sezilməyə başlandı.
Protokolların imzalanmasından bir gün öncə Moldovada MDB toplantısı yekunlaşdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi. Dövlət başçısının uzun müddətdən sonra ilk dəfə yerli kanala müsahibə verməsi diqqət çəkiciydi. Görünür, Kişinyov toplantısından dərhal sonra dövlət başçısının müsahibəyə hazırlığı onun müxtəlif ünvanlara mesaj göndərmək ehtiyacından irəli gəlirdi. Əliyevin müsahibəsini 3 hissəyə bölmək olar: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki durum, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması və Türkiyəyə satılan qazın qiyməti.
İlham Əliyev Qarabağ münaqişəsinin həlliylə bağlı Kişinyov görüşündən nəticə çıxmadığını söylədi. Başqa cür olması da çətindir. Serj Sərkisyan referendum məsələsindən ikiəlli yapışıb. O, bu maddənin həll planında yer alması əvəzində işğal altındakı rayonları boşaltmağa da hazırdır, qaçqınlarımızın geri qayıtması əleyhinə də deyil. Ancaq bu cür həll planı Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Azərbaycanın referendum tarixinə razılaşması Dağlıq Qarabağın itirilməsinə barışması demək olacaq. Odur ki, danışıqlarda hətta 95 faiz məsələ razılaşdırılsa belə, referenduma bağlı bircə anlaşmazılıq hər şeyin üstündən xətt çəkir.
Əliyev müsahibəsində Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında Ankaraya konkret mesajlar göndərdi. Azərbaycanın dövlət başçısı protokolların imzalanmasına etiraz etmədiyini bildirsə də, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədinin açılmasının bölgədə gərginliyin artacağına, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirəcəyini işarə etdi. Əliyev müsahibəsində Ərdoğanın Bakıda verdiyi vədə rəğmən, hələ də Türkiyənin Azərbaycan qazını ucuz qiymətə aldığını və bu istiqamətdəki danışıqların real nəticə vermədiyini dilə gətirdi.
İsveçrədə protokollar imzalandıqdan bir gün sonra isə bir bəyanat da Azərbaycan Xarici İşlər Nazirliyindən gəldi. Bəyanatda deyilirdi: “Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaqdır”.
İlham Əliyevin müsahibəsi, XİN-nin bəyanatı pereventiv diplomatiyanın bir elementi kimi qiymətləndirilə bilər. Türkiyənin Ermənistanla sərhədin qeyd-şərtsiz açılmasının ağır nəticələri daim Ankaranın diqqətinə çatdırılır. Buna baxmayaraq, rəsmi Bakı Türkiyə ilə münasibətlərin süni surətdə gərginləşməsinin Azərbaycanın yararına olmayacağını da anlayır. Təsadüfi deyil ki, Türkiyəyə bu dəfə yollanan azərbaycanlı deputatlar 14 oktyabrda Ərdoğanla görüşdən sonra Ankaranın sözünə sadiq qalacağına və iki ölkə arasında strateji müttəfiqliyə zərərə dəyməyəcəyinə inandıqlarını bildirdilər.
Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında Rusiyanın rolu və marağı nədən ibarətdir?
İsveçrə protokollarının imzalanması mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edirdi. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan imzalanmanı geciktərərkən, ona mərasimi pozamamağı məsləhət bilənlərdən biri də Lavrov olmuşdu. Bu hesabla Rusiya hakimiyyəti də ABŞ və Avropa Birliyi qədər Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasının tərəfdarı kimi çıxış edir.
Barak Obama ABŞ prezidenti seçildikdən sonra Moskva ilə Vaşinqton arasında münasibətlərdə mülayimləşmə müşahidə olunur. ABŞ və Rusiyanın hansı bölgədə mövqeləri toqquşmursa Vaşinqton və Moskva orada əməkdaşlıq etməyə çalışırlar. Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına verilən ortaq dəstək ilk baxışdan ABŞ və Rusiya üçün əməkdaşlıq meydanı sayıla bilər. Rusiya Ermənistanı strateji müttəfiq adlandırsa da, qonşusu Türkiyə ilə münasibətləri genişləndirməkdə də maraqlıdır. Rusiya ilə Türkiyə arasında ticarət mübadiləsi 30-40 milyard dollar civarındadır. Digər tərəfdən Türkiyənin bölgədəki siyasi fəallığı Rusiyada əvvəlki illərdən fərqli olaraq (1990-cı illərdə Türkiyənin Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələri Rusiyanın siyasi dairələrində Turançılğın formalaşdırılması təşəbbüsləri kimi qiymətləndirilirdi) qıcıq oyatmır. Türkiyə parlamenti 2003-cü ildə ABŞ qoşunlarının Türkiyə üzərindən İraqa müdaxiləsi əleyhinə səs verdikdə, bu qərar Rusiyanın siyasi dairələrində yüksək qiymətləndirilmişdi. Odur ki, Moskva Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında pozitiv rol oynamaqdan çəkinmir.
Ancaq Rusiya hakimiyyəti içində mütləq çoxluğun Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması, sərhədin açılması tərəfdarı olduğunu vurğulamaq da çətindir. Rusiyada bəzi mühafizəkar dairələr Türkiyə -Ermənistan yaxınlaşmasını Rusiyanın Cənubi Qafqazda sıxışdırılması və təhlükəsizlik maraqlarına zərərli tendensiya kimi də qiymətləndirməyə həvəslidirlər. Çünki, Ermənistan Türkiyə ilə arasındakı problemləri həll edərsə bu ölkəylə iqtisadi-ticari əlaqələri artacaq, Avropa Birliyi ölkələrinə maneəsiz çıxış imkanı əldə edəcək, bunun ardınca Qərbin iqtisadi, siyasi və təhlükəsizlik institutlarıyla sıx əməkdaşlığa maraq göstərəcək. Bu halda isə Ermənistanın Rusiya ilə hərbi müstəvidə stateji ortaqlığının gərəkliyi sualının aktuallığı artıracaq. Odur ki, Rusiya hakimiyyətində təmsil olunan mühafizəkar dairələr Türkiyə-Ermənistan yaxınlaşmasına dəstək verdiklərini sözdə elan etsələr də, əməldə buna mane olmaq üçün rıcaqlardan istifadə edə bilərlər. Bu rıçaqlardan ən mühümü Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını şərtləndirən Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləməkdir.
İsveçrədə protokollar imzalandıqdan sonra Azərbaycanda yenidən artan nazazılğı müşahidə edən Türkiyənin baş naziri hər imkan düşdükcə “Azərbaycan Milli Məclisində verdiyimi vədin arxasındayam” və “Dağlıq Qarabağ münaqişəsi həll prosesinə daxil olmadan Ermənistanla sərhədi aça bilmərik” açıqlamalarını səsləndirir.
Buna baxmayaraq, hadisələrin inkişafının iki mümkün variantını nəzərdən keçirmək lazım gəlir:
I variant. İsveçrə protokollarına görə ciddi tənqidlərə məruz qalan Sərkisyan müxalifətin və erməni lobbisinin daha kəskin müqavimətiylə üzləşməmək üçün bundan sonra Dağlıq Qarabağ danışıqlarında ehtiyatlı mövqe tutaraq, istədiyini qopartmamış heç bir həll planına imza atmayacaq. Başqa sözlə Sərkisyan tələsməyəcək. O, referendumla bağlı vəd almayana qədər 5 rayonu boşaltmayacaq. Bəlkə də əksinə, bu prosesi yubatmağa çalışacaq ki, növbəti mərhələdə Türkiyə Qərb dövlətlərinin təzyiqi ilə üzləşsin. Çünki Ermənistan parlamenti protokolları ratifikasiya edərsə, növbə Türkiyəyə çatacaq. Bu halda Türkiyə hökuməti Qərbin artan təzyiqlərini neytrallaşdırmaq üçün bir xeyli gözlədikdən sonra protokolları ratifikasiya üçün parlamentin səsverməsinə göndərəcək.
Azərbaycanın siyasi və ictimai dairələrində ən böyük qorxu məhz Türkiyənin Qərbin təzyiqləri qarşısında duruş gətirə bilməməsiylə bağlıdır. Qərbi Dağlıq Qarabağ münaqişəsinin həllindən çox Türkiyə-Ermənistan sərhədinin tezliklə açılması maraqlandırdığından bu dövlətlər Türkiyəyə ilkin şərt irəli sürmədən Ermənistanla sərhədi açmağa çağıracaqlar. Türkiyə parlamentinin qeyd-şərtsiz, yəni Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsini gözləmədən protokolları ratifikasiya etməsi isə avtomatik Azərbaycanla münasibətlərinin soyumasına yol açacaq. Ayrıca, bu durumda Azərbaycanın Rusiya ilə yaxınlaşması prosesinin sürətlənməsi ehtimalı da böyükdür. Paralel olaraq Azərbaycan hakimiyyəti Türkiyəyə satılan qazın qiymətlərini artırmaq, ayrıca bu ölkəyə qaz ixracatını azatlmaq istiqamətindəki fəaliyyətini də gücləndirəcək.
Hadisələrin I variant üzrə inkişafı Türkiyə, Azərbaycan, eyni zamanda Qərbin özü üçün risqlidir. Türkiyə-Azərbaycan strateji müttəfiqliyin zəifləməsi Rusiyanın Azərbaycana təsir imkanlarının artmasına, Qərbin marağında olan bölgənin enerji resurslarının alternativ marşrutlarla dünya bazarlarına daşınmasında gözlənilməz problemlərə yol aça bilər. Yəni Qərb Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyəni Ermənistanla sərhədi açmağa məcbur edərsə, faktiki son nəticədə öz maraqlarına zərbə vuracaq, çünki Cənubi Qafqazdakı mövqeləri zəifləyəcək.
II variant. Türkiyə Qərbin təzyiqlərinə tab gətirərək Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmasını gözləyəcək. Çoxtərəfli problemlərin həllində 5 rayonun azad edilməsi açar rolunu oynayır. Azərbaycanla Ermənistan arasında imzalanması planlanan anlaşmanın şərtlərinə görə, 5 rayon azad edildikdən sonra Azərbaycanın özü də Ermənistanla bütün kommunikasiya xətlərini açmalıdır.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli mərhələsinə daxil olması və Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə başlaması ilkin mərhələdə işğal altındakı 5 rayonun azad olunmasından keçir. Ermənistanın ilkin olaraq 5 rayonu azad etməsiylə başlanan proses bölgəyə aşağıdakı dividentlər vəd edir:
- Türkiyə-Ermənistan sərhədi açılır, iki ölkə arasında idxal-ixrac əməliyyatları artır, türk kapitalı Ermənistana yatırımlar qoymağa başlayır;
- Ermənistan Avrora bazarına münbit çıxış imkanı əldə edir;
- Ermənistanın Gürcüstandan bahalı tranzit asılılığı ortadan qalxır;
- Ermənistan regional enerji layihələrinə qoşulmaq və tranzit haqlarından yüz milyonlarla dollar qazanmaq imkanı əldə edir;
- Davudoğlunun yeni İpək yoluyla bağlı irəli sürdüyü Bakı-Xankəndi-Laçın-Gorus-Naxçıvan-Türkiyə-Avropa nəqliyyat yolu təklifi bölgə dövlətlərinin öz aralarında və Avropaya daha sıx inteqrasiyasına yol açır.
- Ermənistanla Azərbaycan arasında komunikasiya xətləri açılır, Ermənistan Azərbaycan üzərindən Rusiyaya çıxış imkanı əldə edir. Sovet illərində olduğu kimi, bərpa olunan dəmir yoluyla Rusiyadan daşınan mallar Azərbaycan üzərindən Ermənistana çatdırılır.
- Azərbaycan Ermənistana yanacaq məhsulları satmağa başlayır.
Ancaq bütün bu sadalananların həyata keçməsi ABŞ, Avropa Birliyi və Rusiyanın səylərindən asılıdır. ABŞ və Avropa Birliyi Türkiyənin Ermənistanla münasibətlərini nizamlaması məqsədilə uzun illər idi Ankaraya təzyiq edirdi. İndi bu prosesə start verilərkən ABŞ və Avropa Birliyinin bu dəfə Ermənistan prezidenti Serj Sərkisyanın siyasətinə təsir etmələrinə ehtiyac var ki, İrəvan referendumun müzakirəsini sonrakı mərhələyə saxlayaraq Dağlıq Qarabağa aidiyyatı olmayan 5 rayonu azad etsin. Yoxsa bu ilin sonuna qədər nə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı çərçivə sənədi imzalanacaq, nə də Türkiyə-Ermənistan sərhədi açılacaq.
Ankara Ermənistanla münasibətlərin nizamlanmasına baş vurarkən, Ermənistana təsir imkanları olan ABŞ və Rusiya rəsmiləri ilə sıx təmasda olub. İsveçrə protokolları açıqlandıqdan dərhal sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilk olaraq ABŞ dövlət katibi Hillari Klinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlamışdı. Davudoğlu hər ikisinə işğal altındakı torpaqların azad olunması məsələsində Ermənistana təsir etməyə çağırmışdı. Ankara sanki böyük dövlətlərdən təminat alıb ki, protokolları imzaladıqdan sonra Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə məcbur ediləcək. Təsadüfi deyil ki, türkiyəli rəsmilər Ermənistanla münasibətlərin nizamlanma prosesini Dağlıq Qarabağ münaqişəsinin həlliylə paralel proses adlandırırlar. Əslində ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin xarici işlər nazirlərinin İsveçrədəki mərasimə qatılmaları da buna işarə idi. Ancaq Sərkisyan ABŞ-da olarkən Barak Obama ilə telefon danışığında Ağ ev sahibi fərqli mesaj göndərdi. Obama Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ danışıqlarına aid olmadığını söylədi. ATƏT-in Minsk qrupunun həmsədrləri də İrəvanda təxminən eyni ruhda açıqlama verdilər. Belə isə Ankaranın Qərbin Ermənistana təsirini artıracağına yönəlik gözləntiləri doğrulmaya da bilər.
This post is also available in: English