Wisdom of Life

Münaqişədə informasiya: kütləni qızışdıran, yönəldən və soyudan alət

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə – müstəqil politoloq, Bakı jurnalistika məktəbinin direktoru

Münaqişədə informasiya:

kütləni qızışdıran, yönəldən və soyudan alət

Mündəricat

-         Xülasə

-         Giriş

-         Məsələnin təsviri

-         Mümkün siyasətlərin təsviri

-         İqtibaslar

-         Mənbələr

-         Qoşma

Giriş

İyirmi ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsində informasiya qərar çıxaran və prosesə təsir edən qüvvələrin əlində ən səmərəli vasitələrdən biri kimi qalmaqdadır. Münaqişə söz və xəbər vasitəsilə aktuallaşdırılmış və qızışdırılmış, insan qətlinə və kütləvi etnik təmizləmələrə gətirmiş zorakılığın təməli də söz və xəbərlə qoyulmuşdur. İnformasiya indiki mərhələdə də münaqişənin idarə edilməsində və uzadılmasında mühüm rol oynayır, münaqişənin səngiməsi və tənzimlənməsi də əsasən informasiyanın idarə edilməsi və bacarıqlı tətbiqi ilə müşayiət ediləcəkdir. Problem ondadır ki, əksər hallarda yayılan informasiya qərəzli səciyyə daşıyır, onunla oynayır və onun vasitəsilə kütlə ehtiraslarını qızışdırırlar. Münaqişədən zərər çəkən və onun qurbanına çevrilmiş hər iki xalq – həm erməni, həm də Azərbaycan xalqları – informasiyanın rolunu tam həcmdə və obyektiv dərk etmir. Bu səbəbdən də ondan sui-istifadə üçün şərait münbit olaraq qalır.

Müəllif konkret faktlarla qəbulu ən yüksək səviyyədə mümkün olan qərarlar əsasında yayılan informasiya vasitəsilə münaqişənin gedişinə təsir göstərildiyini sübuta yetirməyə çalışacaq. İnformasiya siyasətinin haradan qaynaqlandığını, nəyə xidmət etdiyini və onun necə və hansı səmtə yönəldilməsinin sülhə xidmət edə biləcəyini təsvir edəcək. Nəhayət, barış məqsədi üçün arzu edilən və müyəssər imkan və vasitələrə toxunmağa çalışacaq.

Təbii ki, belə böyük və mühüm mövzunu həcm etibarilə çox məhdud bir sənəddə ən əsas cəhətləri ilə belə dolğun əks etdirmək mümkün deyil. Fəqət müəllif 20 ildir içində yaşadığı münaqişəyə, onun hərəkətverici qüvvələrinə və mexanizmlərinə yaxından bələd olan bir insan kimi qiymət verməyə və vəziyyətdən çıxış yollarını göstərməyə çalışacaq.

Çox güman ki, müəllifin problemə baxışı etiraz və mübahisə doğuracaq, lakin bu mübahisələr zamanı təsvir edilmiş informasiya hadisələri və onların münaqişənin gedişində oynadığı rolları məntiqlə inkar etmək çox qəliz məsələdir.

Məsələnin təsviri

Bu sənədin müəllifi etnik-ərazi münaqişələrinin təsvir və təhlil etmiş elmi əsəsrlərə və öz şəxsi təcrübəsinə əsaslanaraq inamla söyləyir ki, Qağlıq Qarabağ münaqişəsi latent münaqişələrin qəsdən qaynar fazaya keçirilməsinin və bu zaman informasiyadan ən təsirli silah kimi istifadənin klassik nümunəsi sayıla bilər. Totalitar sovet quruluşundan əvvəlki erməni-türk və erməni-azərbaycanlı münaqişələrini kənara qoyaraq 1922-ci ildən sonrakı proseslərə baxaq. Hər dəfə (1943-48, 1960-63) erməni tərəfi Qağlıq Qarabağın Azərbaycandan alınıb Erməsnitana ilhaq edilməsi məsələsini mərkəzi hakimiyyət qarşısında qaldırdıqda sərt və hədələyici rədd cavabı almış və geri çəkilməli olmuşdur. Yalnız “perestroyka” dövründə erməni tərəfi SovİKP MK-dan separatçı fəaliyyətə başlamaq barədə razılıq və dəstək aldıqdan sonra açıq işə keçməyə cürət etmişdir. Bu zaman isə kütlələri hərəkətə gətirmək üçün informasiya texnologiyaları işə salınmışdır. Münaqişənin başlanması üçün istifadə edilən ilk bəhanə DQMV-nin sosial-iqtisadi geriliyi olmuşdu. Bir neçə gün ərzində rəsmi statistika ilə onun göstəricilərinin ümumiyyətlə Azərbaycandan və Ermənistandan üstün olduğu sübut olunmuşdu. Hər ehtimala qarşı bu bəhanəni aradan qaldırmaq üçün vilayətə əlavə 500 mln rubl ayrılmışdı. Ortaya ikinci bəhanə qoyulmuşdu: milli-mədəni hüquqların pozulması. Tezliklə məlum olmuşdu ki, vilayətdə vəzifəli ermənilər azərbaycanlıların hüquqların daha çox pozur və ədalətin ümumi vəziyyəti sovet quruluşundan asılıdır. Onda erməni millətçiləri “biz müstəmləkənin müstəmləkəsi olmaq istəmirik” deyərək açıq fəaliyyətə keçmişdilər. 1988-ci ilin sentyabrında Azərbaycanın ərazisində yerləşən Stepanakert şəhərindən 12 min azərbaycanlı qovuldu. Həmin ilin noyabr-dekabr aylarında Ermənistandan daha 216 min azərbaycanlı və müsəlman kürd deportasiya edildi. Etnik təmizləmələrə Azərbaycanda yaşayan ermənilər də məruz qaldı. Erməni təbliğatında totalitar rejimin bütün qüsurları Azərbaycan xalqının üstünə atıldı və bəşəri qanunlardan fərqli öz daxili qanunları olan münaqişə mexanizmi işə düşdü.

Müəllif 1988-1993-cü illərdə Azərbaycanda “Xalq hərəkatı” yaratmaq və onu yönəltmək məqsədilə hansı təşkilati və informasiya tədbirləri görüldüyünə qısa toxunacaq. Fəqət o, bu proseslərin Azərbaycanda və Ermənistanda eyni ssenari və eyni üsullarla baş verdiyini həm də erməni mənbələrindən oxuyub öyrənmişdir. Ermənistanda “Xalq hərəkatı” Abovyan şəhərindəki kimya kombinatının təbiətə vurduğu ziyana etiraz şüarları ilə başlayıb Qarabağ mövzusuna keçmişdi. Azərbaycanda “Xalq hərəkatı” Sumqayıt şəhərindəki kimya müəssisələrinin təbiəti zəhərləməsinə qarşı şüarlarla başlayıb öz növbəsində Qarabağ mövzusuna keçmişdi. Hər iki respublikanın əhalisi gerçək hadisələr barədə məlumatı rəsmi mənbələrdən böyük təhriflərlə alırdı. Moskva mətbuatı və mərkəzi televiziya növbə ilə gah erməni tərəfini, gah da azərbaycanlıları ifrat hərəkətlərdə ittiham edərək hər iki tərəfi qızışdırırdı. 1988-ci ilin fevralında Moskvadan ezam olunmuş SSRİ prokurorluğunun müstəntiqi Katusev DQMV-nin Əskəran qəsəbəsində azərbaycanlı milis tərəfindən öldürülmüş iki azərbaycanlı gəncin qətli barədə məlumatı Bakıda televiziya ilə elə vermişdi ki, qatillərin erməni olması təəssüratı yaransın. Qətl və zorakılıq hadisələri barədə məlumatda sovet mediası müqəssirlərin milli mənşəyini mütləq qeyd edirdi. Əsəblərin tarıma çəkildiyi bir şəraitdə ən kiçik hadisə barədə verilən xəbər böyük təlatüm doğura bilirdi. Məsələn, 1988-ci ilin noyabrında Balıda 18 günlük fasiləsiz mitinqin başlanmasına AKP MK-nın orqanı olan “Kommunist” qəzetində “Topxananın harayı” başlıqlı “zəhmətkeş məktubu” səbəb olmuşdur. Eyni ssenari Ermənistanda da tətbiq edilmişdi. Totalitar nəzarət şəraitində Sumqayıtda təşkil edilmiş talanın günahını bütöv bir xalqın üstünə atmaq üçün quruluşlu “sənədli film” nümayiş etdirilmişdi.   Münaqişə başlayarkən onun qızışmasında maraqlı olan xarici dövlətlər də mərkəzi hakimiyyətlə yanaşı onun inkişafına dəstək vermişlər. 2009-cu ilin noyabrında ABŞ-ın Ermənistandakı səfiri yerli mətbuata müsahibəsində xatırladır ki, “ABŞ Ermənistana 1988-ci ildən kömək edir.” Bu kömək münaqişədə bir tərəfin güclənməsi məqsədilə edilirdi və sonradan 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz tətbiq edilmiş “Azadlığın müdafiəsi aktı”na 907 saylı düzəlişlə də davam etdirilmişdi.

Ermənistan müstəqillik qazandıqdan sonra 16 il ərzində ABŞ ona 1 mlrd 750 milyon dollar yardım etmişdir. Eyni dövrdə Avropa Birliyindən Ermənistana 420 milyonluq yardım gəlmişdir. Bu və digər xarici humanitar yardımlar daxili qaynaqları məhdud Ermənistana münaqişədə duruş gətirməyə imkan vermişdir. RF-nın Ermənistana verdiyi 1.5 mlrd dollarlıq silahı da bura əlavə etsək, indi münaqişənin dinc tənzimlənməsi ilə məşğul olan vasitəçi Minsk qrupunun həmsədr ölkələrinin nə dərəcədə münaqişəyə cəlb olunduqlarını və onun gedişində maraqlı olduqlarını görmək mümkündür. Münaqişənin gedişində informasiyanın oynadığı rolu və mənfi meylləri neytrallaşdırmaq və ya müsbət meyllərlə üstələmək üçün hansısa siyasətlər düşünülərkən münaqişə səhnəsində belə böyük oyunçuların vəzni və onların güddükləri məqsədlər unudulmamalıdır.

Dünyada ardı-arası kəsilməyən lokal münaqişələri, terror aktlarını, yüz milyonlarla aclıq çəkənləri, təbiətin durmadan çirklənməsini və məhvini gördükdə sadə insan `özünə sual verir: dünyanı idarə edən insanların peşəkarlıq səviyyəsi bəşəriyyətin qarşısında duran prolemlərin həlli üçün kifayətdirmi? Deyə bilərlər ki, siz kimsiniz ki, dünyanın ən qüdrətli siyasi xadimlərinə və aparıcı təsisatlarına məsləhət verməyə cürət edirsiniz? Cavabı çox sadədir: biz Qərb dünyasının təşviq etdiyi demokratiya amallarının daşıyıcı və təmsilçisiyik. Demokratiya müəllimləri avtoritar və totalitar dövlətlərdə yaşayan insanları daima mükaliməyə dəvət edir. Biz də bəzi məsələlərdə fərqli düşünürük və müəllimlərimizdən soruşuruq: Yuqoslaviyanın bombardmanı və Kosovonun zorla Serbiyadan qoparılıb müstəqil dövlət elan edilməsi nə dərəcədə beynəlxalq  hüquqa uyğundur? Qərb bu addımı ilə Rusiyanı Cənubi Qafqazda dəstəklədiyi oyuncaq separatçı rejimləri müstəqil qurum kimi tanımağa təhrik etmədi ki? Dünyada 198 dövlət və təxminən 2000 etnos var. Hər etnosun daxilində yüksək vəzifələrin imtiyazını arzulayan tamahkar və məsuliyyətsiz insanlar var. Yuqoslaviya və Cənubi Qafqaz hadisələri dünya miqyasında aramsız qanlı münaqişələrin başlanğıcı olmayacaqmı? Necə olur ki, böyük dövlətlər bir əli ilə işğalçı təcavüzkara hərtərəfli yardım göstərir, o biri əlində dəfnə budağını tutub təcavüz qurbanını zorakılıq olmadan barışa çağırır.

Bütün bunları müşahidə edərək və demokratiya ideallarını öz əqidəmiz sayaraq biz həm avtoritar rejimlərlə mübarizə aparırıq, həm sülh və barış naminə çalışırıq, həm də müəllimlərimizi yürütdükləri siyasətdə yalnız siyasi qazanca və iqtisadi mənfəətə yox, həm də əxlaqa söykənməyə çağırırıq.

Milli-azadlıq hərəkatını və milli dövlət ideyasını ali dəyər kimi müəyyən inkişaf səviyyəsinə çatmamış insan toplumlarına təlqin etməyin acı təcrübəsini əksər müstəmləkə xalqları, xüsusilə Afrika və sabiq SSRİ xalqları dadmışdır. İqtisadi, sosial, elmi, texnoloji sahələrdə vəziyyət müstəqillikdən əvvələ nisbətən xeyli pisləşmişdir. Hətta insan hüquqları sahəsində totalitar imperiya adlandırılan SSRİ-də 1988-1991-ci illərdə vəziyyət indiyə nisbətən yaxşı idi. Xüsusi xidmətlər və partiya-təsərrüfat nomenklaturası tərəfindən dəstəklənən milli-azadlıq hərəkatlarının real nəticəsi Cənubi Qafqazda parçalanmış Gürcüstan və Azərbaycan, xarici qüvvələrin əlində alət kimi istifadə edilən Ermənistan və güclənən avtoritarizm olmuşdur.

Eyni zamanda xarici qüvvələrin münaqişəyə mənfi təsiri barəsində düşünərkən daxili ideoloji amillər heç vaxt arxa səfə keçirilməməlidir. Ermənistan dövləti müasir dövrdə – 1918-1920 illərdə yarandığı andan qonşuları Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş və hər üçü ilə müharibə aparmışdır. SSRİ-nin süqutu ərəfəsində eyni iddia Azərbaycana qarşı qaldırılmış, müharibə aparılmış və münaqişə yarıdonmuş vəziyyətə salınmışdır. Gürcüstandakı erməni azlığının Rusiyaya itaət göstərməyən Tbilisi hökumətinə qarşı üsyanı və bu zaman Ermənistanın öz soydaşlarına bilavasitə hərbi yardım göstərməsi ssenariləri barədə bölgədə fəal müzakirə aparılır. Türkiyə ilə diplomatik münasibətlərin tənzimlənməsi və sərhədlərin açılması barədə imzalanan protokol ilə bağlı erməni cəmiyyətində gedən müzakirələrdə əsas qorxulardan biri də, bu sənədlər təsdiq edilərsə, Ermənistanın Türkiyədəki tarixi erməni torpaqlarına rəsmən iddia edə bilməyəcəyidir. Bu aramsız ərazi iddiaları qədim və tarixi sərhədlərin bərpasını və erməni xalqına qarşı keçmişdə edilmiş zülmə görə qisasın müqəddəsliyini və labüdlüyünü tələb edən və cəmiyyətin əksər hissəsinin təfəkkürünə hakim kəsilmiş “Ay Dat” ehkamından irəli gəlir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan “Ay Dat” ehkamının o qədər də  vicdanlı olmadığını deməyə özündə cəsarət tapır. Fəqət Ermənistan dövlətində birinci prezidentdən başqa bu fikirləri açıq söyləyən digər şəxslər fiziki və mənəvi təzyiqə məruz qalır, döyülür, söyülür, güllələnir, məhbəsə atılır. Cəzaya məruz qalmış onlarla məşhur insan arasında Aşot Bleyanı, Mikayıl Danielyanı, Georgi Vanyanı və s. göstərmək olar. Münaqişənin öz məntiqi və qanunları vardır. Türk varlığının inkarı üzərində qurulmuş millətçi “Ay Dat” ehkamının güzgü kimi əksi olan azərbaycanlı-türk etnik millətçiliyi də Azərbyacan tərəfində münaqişənin ideoloji dayağına çevrilmişdir. Münaqişədən əvvəl öz kosmopolitizm və multikulturalizmi ilə fərqlənən Bakıda etnik zəmində təqiblər adi işə çevrilmişdir. Ümumiyyətlə, dövlət nəzarəti altında olan KİV-lərdə həm Ermənistanda, həm də Azərbaycanda əks tərəfə qarşı milli zəmində nifrət aşılanması kampaniyası aparılmış və aparılmaqdadır. Obyektiv  müşahidələr bunu çox əyani şəkildə sübut edir.

İnformasiyadan münaqişəni dayanıqlı edən bir vasitə kimi istifadənin arxasında xarici qüvvələrlə yanaşı daxili qüvvələr də durur. Hər iki ölkədə hakimiyyətdə duran siyasi qüvvələr məhz Qarabağ münaqişəsinin sayəsində siyasi zirvəyə yüksəlmiş və onun sayəsində hakimiyyəti saxlamaqdadırlar. Münaqişə ciddi seçki potensialı, seçicilərlə və seçkiləri müşahidə edən xarici dövlət və təşkilatlarla ciddi sövdələşmə imkanıdır. Hakimiyyət münaqişənin qaynar fazaya keçməsi təhlükəsi ilə də alver edir və davakar nitqlərinə baxmayaraq xaricdə özünü arzulanan sülhün zamini kimi təqdim etməyə çalışır. Eyni zamanda münaqişənin davam etməsində maraqlı olan xarici qüvvələrlə də razılaşdırılmış siyasət aparır.

Bu idarə edilən təbliğat kampaniyasına ən parlaq misalı Dağlıq Qarabağ erməni vətəndaş cəmiyyəti nümayəndələrinin 2001-ci ilin sentyabr ayında Bakıya sülhməramlı səfəri zamanı hakimiyyətin təşkil etdiyi təxribat verir. On iki DQ sakini Ermənistanın və DQ-nin təhlükəsizlik orqanlarının hədələrinə baxmayaraq əvvəlcədən azərbaycanlı həmkarları ilə razılaşdırılmış sülh səfəri çərçivəsində hakimiyyət, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirməli idi. Səfərin ilk günü nümayəndə heyətini hava limanında qarşılayan jurnalistlərin arasındakı hakimiyyətə yarınmağı ilə seçilən ANS telekanalının müxbiri erməni qonaqdan hansı ölkənin vətəndaşı olduğunu soruşmuş, o, bu sualdan yayınmağa çalışsa da, təkrar-təkrar bu sualı verməklə onu “Dağlıq Qarabağ Respublikasının vətəndaşıyam” deməyə sövq etmişdir. Sonra ondan pasportunu göstərməyi israrla tələb etmiş və onu Ermənistan Respublikasının vətəndaşı pasportunu göstərməyə məcbur etmişdir. Həmin gün ANS telekanalı Qarabağ müharibəsində oldürülmüş dinc azərbaycanlıların videoyazıları ilə erməni qonağın cavablarını montaj edib mütəmadi nümayiş etdirmiş və “budur düşmən, öz ayağı ilə Bakıya gəlib” demişdir. Belə təbliğat kampaniyasından müxalifət liderləri qorxub görüşlərdən imtina etmişdir. Qonaqlar gedən gün həmin ANS telekanalı yenə də kameralarını hava limanında qurmuş, canlı yayımda tamaşaçılara göstərmişdir ki, qeybə çəkilmiş cangüdənlərin əvəzinə qoluzorlu bir kişi peyda olub cılız cüssəli qonağa necə hücum çəkir və onu döyür. Telekanal bunu xalqın qisası və ədalətin zəfəri kimi təqdim etmişdir. Təbii ki, hər iki xalqın vətəndaş cəmiyyətlərinin uzun illər çəkdiyi zəhmətin bəhrəsi olan bu sülhməramlı səfər hakimiyyətin idarə etdiyi qərəzli təbliğat və təxribat kampaniyasının qurbanı olur, sülhməramlı səfər tam əks mənfi nəticə verir, barış tərəfdarları arasında ruh düşkünlüyü yaradır.

Münaqişədən yararlanan hakimiyyət xalqlar arasında körpü salmağa çalışan vətəndaş cəmiyyəti fəallarına və  hətta beynəlxalq təşkilatların nümayəndələrinə qarşı təçkil etdiyi və guya sadə vətəndaşların səmimi hisslərinin ifadəsi olan etiraz hərəkətlərini televiziya ilə canlı yayımda nümayişini təşkil edir. NATO tədbiri çərçivəsində Bakının dəbdəbəli mehmanxanalardan birində keçirilən iclasa guya Qarabağı sevən vətənpərvərlər zaldakı böyük şüşəni qırıb tökərək soxulur. Telereportajda arif tamaşaçılar etirazçı piketçilərin başında Silahlı Qüvvələrin Baş qərargahının mülki geyimli polkovnikini tanıyır. Başqa bir dəfə müxalifətçi siyasətçi ilə qaçqın düşərgəsinə gəlmiş Almaniya bundestaqının deputatına adi halda hökumətin qorxusundan cınqırını çıxarmağa cəsarət etməyən qaçqınlar hücum çəkib onu  daşqalaq etməklə hədələyir. Aksiyanın hakimiyyət tərəfindən təşkil edildiyi şübhəsizdir. Münaqişənin hakimiyət üçün doğurduğu fürsətlərdən biri də ac-yalavac, cüzi pul naminə istənilən buyruğa gedən çoxsaylı və təhlükəli insan kütləsinin əmələ gəlməsidir ki, hər iki münaqişə ölkəsində hakimiyyət bu fürsətdən yetərincə yararlanmışdır.

Etnik nifrətin KİV-də, bədii film və ədəbiyyatda, hətta orta və ali məktəb dərsliklərində təlqin edilməsi əməli olaraq şüurlarda demokratiyaya qarşı bir sədd çəkmişdir. Nifrət ruhunda tərbiyə almış insanların düşüncə və hərəkətləri ilə manipulyasiya etmək çox asandır. Bu amildən istifadə edib cəmiyyətlərdəki barış potensialını və bu potensialı gerçəkləşdirməyə çalışan vətəndaşları gözdən salmaq və onların fəaliyyətin səmərəsini heçə endirmək mümkündür.

Fəqət hakimiyyət üçün böyük dövlətlərlə razılaşdırılmış şəraitdə güzəştli sülh imkanı yaranan kimi hakim zümrənin dünənə qədər barışmaz mövqe tutan nümayəndələri barışıq məziyyətləri barədə geniş yazılarla çıxış etməyə başlayırlarlar. MM-in üzvü, YAP rəhbərliyinin ictimai simalarından birinin barış ruhunda yazdığı məqalə belə gözlənilməz hadisələrdən sayıla bilər. Yaxud, hakimiyyət mediasında vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri vətənə xəyanət kimi qiymətləndirildiyi halda hakimiyyətə yaxın vəzifəli ziyalılar Ermənistanın və Azərbaycanın Moskvadakı səfirlərinin başçılığı altında xalq diplomatiyası zəminində qarşılıqlı səfərlər edirlər.

Qərb donorlarının səxavətli yardmı ilə müstəqillik illərində Cənubi Qafqazda jurnalist peşəkarlığının və azad medianın inkişafı məqsədilə geniş proqramlar icra olunmuşdur. Belə proqramların mühüm hissəsi Ermənistan və Azərbaycanda münaqişə və bir-biri barədə balanslı və qərəzsiz xəbərlərin mediada yayılma bacarığına həsr edilmişdir. Bu sahədə nəzərə çarpan müsbət dəyişikliklər baş versə də, onların həcmi və təsir qüvvəsi məsrəflərlə müqayisədə çox cüzidir. Vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin fədakar fəaliyyəti nəticəsində əldə edilmiş istənilən müsbət dəyişiklik hakimiyyətin qərarı ilə geniş miqyasda gerçəkləşən informasiya kampaniyaları və hadisələrin təsiri ilə neytrallaşdırılır. Bundan belə nəticə çıxarmaq olar ki, sülh naminə informasiya siyasətinin təkmilləşdirilməsi sahəsindəki tədbirlər ümumi siyasi mühitdən və xarici dövlətlərin və yerli hakimiyyətlərin siyasətlərindən təcrid edilmiş şəkildə səmərəli icra edilə bilməz. Bir tərəfdən beynəlxalq hüququn ziddinə zorakılıq edən dövlətə geniş siyasi, maliyyə və hərbi dəstək göstərmək, o biri tərəfdən KİV-lərdə barış ruhunun güclənməsinə vəsait ayırmaq səmərəli üsul sayıla bilməz. Əlbəttə ki, şüura və məntiqə, ümumbəşəri dəyərlərə və hətta maddi mənfəətə söykənən yanaşma tərzini təbliğ edərək hər hansı məhdud irəliləyişə nail olmaq mümkündür, fəqət bu yeniliyin həcmi və təsir gücü bütövlükdə bölgəni və xüsusilə münaqişə dövlətlərinin düçar olduğu tənəzzülü üstələməyə kifayət edə bilməz.

Belə olan halda qərar qəbul edən insan və qurumlar aydın təsəvvür etməlidirlər ki, sülh nəticəsini yalnız kompleks yanaşma ilə əldə etmək olar. Media sahəsində icrası mümkün olan layihələrin səmərəsi bilavasitə siyasi, hərbi və maliyyə sahələrindəki tədbirlərdən asılıdır. İndiyədək icra edilmiş bir çox xoş niyyətli layihələrin davamı və inkişafı zəruridir və heç bir şübhə olmamalıdır ki, onlardan imtina ümumi mühitin kəskinləşməsinə yol aça bilər.

Yuxarıda deyilənləri nəzərə alaraq informasiya sahəsindəki vəziyyəti yaxşılaşdırmaq və DQ münaqişəsini dinc üsulla tənzimlənməsinə çatmaq məqsədilə marağı olan tərəflər aşağıdakıları etməlidir:

Azərbaycan hakimiyyəti:

-         vətəndaşlar üçün cəlbedici sosial, hüquqi və iqtisadi şəraitin yaranması məqsədi ilə indi

yürüdülən siyasətdə demokratiyaya doğru kəskin dönüş etməlidir;

-         dövlətin informasiya siyasətində düşmən erməni xalqı məfhumunun təbliğinə son qoymalı, işğalçı ordu ilə xalq arasındakı fərqin mövcudluğunu ön səfə çəkməlidir;

-         münaqişənin qarşılıqlı güzəştlə dinc həllinin mümkünlüyü və onun gerçəkləşməsi üçün zəruri  olan siyasət barədə geniş məlumat yaymalıdır;

-         Dağlıq Qarabağa veriləcək siyasi status bütün təfərrüatı ilə açıq təsvir edilməli və azərbaycanlılarla ermənilərin birgə yaşayışının təhlükəsizliyini təmin edən mexanizmlər açılmalıdır;

-         tarix və dərslik kitablarından etnik nifrət yayan hissələr konstitusiyaya zidd olduqlarına görə çıxarılmalıdır;

-         iki münaqişə dövlətinin jurnalistlərinin qarşılıqlı səfərləri, xəbər mübadiləsi və araşdırmalar üçün şərait yaratmalıdır;

-         radio və televiziyalarda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə canlı mükalimə və müzakirə verilişlərinə imkan verməlidir.

Jurnalistlər və jurnalist təşkilatları

-         xalqlar və fərdlər arasında etnik zəmində ədavət təbliğatına son qoymalı, belə növ yazılar peşə təşkilatlarında müzakirə edilməli və tənqidi qiymətləndirilməlidir;

-         əks tərəf barədə obyektiv məlumatın yayılması genişləndirilməlidir;

-         iş birliyini və əməkdaşlığı genişləndirən birgə laihələr icra etməlidir;

-         jurnalist mühitində münaqişələrin qərəzsiz işıqlandırılması üçün tələb olunan bilik və vərdişlərin yayılmasına çalışmalıdır.

Vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar

●   öz məqsədlərini müəyyənləşdirməli və siyasətlərini bu məqsədə uyğunlaşdırmalıdırlar.  Onlar münaqişəni uzatmaq və ya yeni qaynar fazaya çatdırmaq istəyirlərsə, indiyə kimi yürütdükləri siyasəti davam etdirsinlər, yəni işğalçı Ermənistana siyasi, hərbi və maliyyə dəstəyi, Azərbaycana isə zordan yayınmaq tövsiyəsi verməkdə davam etsinlər. Onlar həqiqi sülh istəyirlərsə, heç bir zora müraciət etmədən işğalçının hərəkətlərinə siyasi qiymət verməli və ona səxavətlə göstərilən hər cür yardımı kəsməlidirlər.

●    öz barış qətiyyətini sübut etmək üçün və münaqişədən faydalanan hakim və müxalif qüvvələrə açıq sülh ismarıcı olaraq sülh naminə işləyən fərd və təşkilatlarla əməkdaşlığı genişləndirməlidirlər.

●  sülh əldə edildikdən sonra münaqişədən ziyan çəkmiş ölkənin quruculuq və bərpa üçün alacağı yardımı yerli rəsmi və ictimai qurumlarla birgə təxmini müəyyənləşdirməli və onun mənbələrini təxmini də olsa, müəyyənləşdirməlidirlər.

Vətəndaş cəmiyyəti

●   iki və çoxtərəfli əməkdaşlığı davam etdirməli və genişləndirməlidirlər;

●  əks tərəflə birgə təklif və həllərin hazırlanmasına, birgə təqdimatına və təhlilinə nail olmalıdırlar;

●    sülh razılaşmasının konkret nəticələrinin əhali qruplarında təsirini öyrənən və onu təşviq edən birgə qurumlar təsis etməlidirlər;

●     dinc tənzimlənmə məqsədilə Qərbin beyin mərkəzləri və konfliktoloji qurumları ilə əməkdaşlığı genişləndirməlidirlər.

●     rəsmi səviyyədə gedən sülh danışıqlarına ictimai dəstəyi təşkil etməlidirlər .

Siyasi partiyalar

●  “Torpağı yalnız müharibə yolu ilə azad etməli” şüarlarına və sair hədələyici bəyanatlara son qoymalıdırlar. Gerçək vəziyyətə və əhalinin istəklərinə, həmçinin sülhün potensialına uyğun yeni siyasi platforma hazırlamalı, onu cəmiyyətdə və partiya fəalları arasında geniş müzakirəyə çıxarmalı və qəbuluna səy göstərməlidirlər.

●   Ermənistanın partiyaları ilə iki və çoxtərəfli münasibətlər quraraq vahid tənzimlənmə platformasının hazırlanmasına çalışmalıdırlar.

This post is also available in: English, Russian

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>