Wisdom of Life

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL MƏRHƏLƏLƏRİNDƏ SİYASİ PARTİYALARIN FƏALİYYƏTLƏRİ VƏ TƏŞƏBBÜSLƏRƏ MÜNASİBƏTLƏRİ

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL MƏRHƏLƏLƏRİNDƏ

SİYASİ PARTİYALARIN FƏALİYYƏTLƏRİ VƏ TƏŞƏBBÜSLƏRƏ MÜNASİBƏTLƏRİ

Mövzuya giriş.

Problemin tarixininə dair qısa xülasə.

SSRİ-nin tənəzzül dövründə Azərbaycan Respublikasının Qarabağ vilayəti ətrafında ermənilərin ərazi iddiaları və Azərbaycandakı siyası mühit.

Problemin həllinə cəhd mərhələləri və bu mərhələlərdə siyasi partiyaların mövqeləri və fəaliyyətləri.

Təkliflər.

Mövzuya giriş

Azərbaycanda erməni separatçılarının ərazi iddiası ilə gündəmə gələn, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə davam edən Qarabağ münaqişəsinin kökü XVIII əsrdən başlayan Rusiyanın Qafqaz ekspansiyası siyasətinə bağlıdır.

Rus imperiyasının erməniləri Azərbaycan torpaqlarına yerləşdirməsi ilə əsası qoyulan problem ötən əsrin əvvəllərindən başlayaraq dəfələrlə lokal münaqişə şəklində baş qaldırmış və hər iki tərəfə faciəvi itkilər yaşadan qanlı qarşıdurmalara çevrilmişdir. 1988-ci ildə ermənilərin torpaq iddiaları ilə münaqişə yenidən alovlanmış, tərəflər üçün ötən illərdən daha böyük faciə şəklini almış, minlərlə insan həlak olmuş, Qarabağda yaşayan bir milyona yaxın azərbaycanlı əhali ev-eşiyindən qaçqın düşmüşdür. Qarabağ münaqişəsi bu günə kimi Cənubi Qafqazda sabitliyə, inkişafa və avrointeqrasiyaya ciddi əngəl törətməkdədir.

Qarabağ münaqişəsi uzun illərdən bəri beynəlxalq gündəmi məşğul etməkdəddir. Müxtəlif vasitəçilər, o cümlədən ATƏT-in Minsk Qrupu bu illər ərzində münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinə müxtəlif təkliflər vermiş, bu təkliflərin şərtləri hər iki ölkə daxilində zaman-zaman böyük mübahisələrə, müzakirələrə və ictimai-siyasi müqavimətlərə səbəb olmşdur.

Həll mərhələlərində Azərbaycan siyasi partiyaları beynəlxalq vasitəçilərdən gələn təklif və təzyiqlərə mütəmadi olaraq öz münasibətlərini bildirmişlər.

Bu yazıda Qarabağ münaqişəsinin həll mərhələlərində siyasi partiyaların tutduqları mövqe diqqətə gətirilir.

Qarabağ probleminin tarixinə dair qısa xülasə

XVI əsrdə Azərbaycan Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını, o cümlədən Qarabağı 4 bəylərbəyliyindən ibarət inzibatı əraziyə bölmüşdü. Səfəvilərin zəifləməsi və aradan qalxmasından sonra Azərbaycan torpaqları müstəqil və yarımmüstəqil xanlıqlara, bəyliklərə parçalandı.

XVIII əsrdə Nadir Şah bir daha Azərbaycan ərazilərini mərkəzləşdirilmiş dövlətdə birləşdirdi, lakin bu, uzun sürmədi. Nadir Şahın ölümündən sonra Azəraycan yenə xanlıqlara parçalandı. Bu parçalanma dövründə Pənah Əli Cavanşir XVIII əsrin ortalarında Qarabağ Xanlığını qurdu.

1805-ci ildə Qarabağ xanı İbrahim Xan Rusiya silahlı qüvvələrinin komandanı Sisyanov ilə Kürəkçay müqaviləsini imzaladı. Qarabağ Xanlığını Müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya birləşdirən bu müqaviləni rus hökuməti Qarabağın süveren hakimi İbrahim Xanla bağladı. Lakin Azərbaycan torpaqlarından yarısından çoxunu özündə birləşdirən İran Qacar dövləti Qarabağı bir müddət ruslardan geri almış, 1826-cı ildə isə Rusiya Qarabağı yenidən işğal etmişdir.

1825-1826-cı illərdə Qacar hakimiyyəti altında olan torpaqlardan Azərbaycanın şimalına, o cümlədən İrəvan və Qarabağ bölgəsinə 18 min erməni köçürülmüşdür.

1828-ci ildə Rusiya ilə Qacar dövləti arasında Türkmənçay müqaviləsi bağlandı. Bu müqavilənin 15-ci maddəsinə əsasən Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına 50 min erməni köçürüldü.

1829-cu ildə Osmanlı və Rusiya imperiyaları arasında bağlanan Ədirnə Müqaviləsinə əsasən Qarabağ bölgəsinə 84 min erməni köçürüldü. Bu köçürmələrə qədər Qarabağda cəmi beş erməni kəndindən ibarət məlikliklər (yerli özünü idarəetmə) olmuşdur.

Rusiya sənədləşmə tarixinin apardığı qeydiyyatlara əsasən həmin köçürmə müddətində indiki Türkiyə və İran ərazilərindən Qafqaza bir milyondan çox erməni köç etmişdir. Bununla da Rusiyanın Qafqazda erməni dövləti qurması planları addım-addım həyata keçirilməyə başlamışdır.

SSRİ-nin Tənəzzül Dövründə Azərbaycan Respublikasının Qarabağ

Vilayəti Ətrafında Ermənilərin Ərazi İddiaları və

Azərbaycandakı Siyası Mühit

1985-ci ildə SSRİ-də Qarbaçov hakimiyyətə gəldi, bununla da sovet cəmiyyətində yeni ictimai-siyasi ab-hava başladı. Qeyd etmək lazımdır ki, sovet dövründə Ermənistanla birləşmək üçün DQMV-dən mərkəzi hakimiyyətə dörd dəfə müraciət olunmuş və rədd cavabı alınmışdı. Bu fürsətdə də Erməni ictimai xadimləri mövcud Ermənistan Respublikası torpaqlarını genişləndirmək məqsədi ilə bəyanatlar verməyə və Qarabağı Azərbaycandan qoparmaq üçün fəaliyyətə başladılar.

Bu kimi bəyanatlar Azəbaycanda böyük gərginliklər doğurdu və cəmiyəti 2 cəbhəyə böldü: bu bəyanatlara və Moskvanın ikibaşlı siyasətinə etiraz edən milli qüvvələrə və gözünü Kremlə dikmiş yerli hakimiyyətə.

Moskvanın Azərbaycan Respublikasının ərazi toxunulmazlığını sözdə təsdiq etməsi, eyni zamanda ermənilərin də Qarabağda güclənərək silahlanmalarını təmin etməsi, erməni separatçılarının ərazi iddialarına ilıq yanaşmalar 1988-ci ildən Azərbaycan xalqını meydanlara çıxardı. 1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi təsis edildi. AXC millətçiləri, mühafizəkarları, sosial-demokratları və digər qüvvələri özündə birləşdirirdi.

AXC Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması barədə ilk bəyanatlarını yaydı və davamlı kütləvi mitinqlərin keçirilməsinə başladı. Azərbaycan SSR ərazində dövlət süverenliyi tələb edən bütün bu bəyanatlar Konstitusiyaya söykənir və müdafiə xarakteri daşıyırdı.

Mövcud situasiyalar üçün təcrübəsiz olan hakim Azərbaycan Kommunist Partiyası ölkədəki siyasi vəziyyətdən çaşqın halda idi. AKP Kremldən gələn təlimatlara əməl etməyə çalışaraq gah repressiv tədbirlərə əl atır, gah da xalqın təzyiqi ilə qərarlar qəbul edirdi. Lakin bu çıxılmaz vəziyyətdən qurtulmaq üçün heç bir təşəbbüs irəli sürə bilmirdi. AXC mövcud durumda daha güclü və haqlı görünməkdə idi, çünki tələblərini mövcud sovet qanunvericiliyi çərçivəsində irəli sürür və problemin həllini qanunun aliliyını təmin etmək yolunda görürdü. Mərkəzi hakimiyyətin qanunun icrasından boyun qaçırması sistemi laxladır və dağıdırdı.

Laxlayan sistemi dağıtmaq istəyən qüvvələr DQ məsələsində erməni tərəfini müdafiə edirdi.

***

1991-ci ildə DQMV erməniləri müstəqillik elan etdilər və ardıyca referendum keçirəcəklərini bəyan etdilər. AXC liderləri bunu Kremlin himayə etdiyi ermənilərin növbəti siyasi oyunu adlandırdı.

1992-ci ildə AXC sədri Elçibəyin hakimiyyətə gəlməsi Qarabağ uğrunda siyasi və hərbi mübarizənin ən yüksək mərhələsinə qalxdı. BMT TŞ-nın qətnamələri qəbul edildi, Azərbaycan Silahlı Qüvvələri Xankəndinin 12 km-ə yürüdü. 1993-cü ildə prezident Elçibəy qiyam nəticəsində devrildi. Hakimiyytə H.Əliyev gəldi. Bu tarixdən Azərbaycan yerli silahlı dəstələrinin tərksilah edilməsi başladı. Bununla da DQMV sərhədlərindən kənarda olan altı rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

1989-cu ildən AXC-dən qopmalar və yeni siyasi partiyalar yaranmağa başlamışdı. İlk addımı Sosial-Demokrat Partiyası atdı, sonra radikal yönlü Milli İstiqlal Partiyası yarandı, daha sonra millətçi yönlü Müsavat Partiyası elan edildi.

1993-cü ilin sonunda, altı rayonun işğalından sonra prezident H.Əliyev siyasi partiyaları məsləhətləşməyə dəvət etdi və təkliflərini istədi. Partiyaların bəziləri bu görüşdən imtina etdi, bəziləri təkliflə, bəziləri əliboş getdi. ASDP 1991-ci ildə açıqladığı “Vətən müharibəsi” adlı təkliflər paketini təqdim etdi. Paketdə ordu quruculuğu ilə yanaşı, ermənilərlə qonşuluq münasibətlərinin bərpası, eyni zamanda Rusiyanın irəli sürdüyü şərtlərin qəbul edilməsi, ölkədə bütün siyasi mübarizələrin qadağan olunması, hakim nomenklatura və AXC nümayəndələrindən ibarət koalision hökumət qurulması, Ermənistana “özünü müdafiə müharibəsi”nin elan edilməsi nəzərdə tutulurdu.

Hakim partiya YAP-ın heç bir təşəbbüs və təklifi yox idi. Ümumiyyətlə, YAP ötən illər ərzində Qarabağ münaqişəsi ilə bağlı heç bir təşəbbüs və bəyanatla çıxış etmədiyindən ölkə prezidentinin fəaliyyəti hakim partiyanın fəaliyyəti kimi qəbul edilməkdədir.

İLK TƏŞƏBBÜSLƏR

12 may 1994-cü il tarixdə atəşkəs imzalandı. DQMV sərhədlərindən kənarda olan altı rayonun işğalından sonra bağlanan atəşkəs aparıcı siyasi partiyalarılın böyük etirazı ilə qarşılandı.

Atəşkəsdən sonra, 1994-cü ilin yayında Rusiya Qarabağ münaqişəsini həlli üçün “Böyük Siyasi Saziş” təşəbbüsünü öz üzərinə götürdü. Həmin sazişin məqsədi rus ordusunun münaqişə bölgəsinə göndərilməsi, həll problemini nəzarətdə saxlaması və gələcəkdə Rusiyanın Qafqazdakı mövqeyinin güclənməsindən ibarət idi.

Təşəbbüs Azərbaycan siyasi mühitində siyasi müqavimətlə qarşılanmış, 1993-cü ildə Azərbaycandan çıxarılan rus əsgərinin yenidən qaytarılması təşəbbüsü böyük ictimai etiraza səbəb olmuşdur. Partiyaların və ictimai təşkilatların birləşdiyi Milli Müqavimət Hərəkatı yaradıldı. Ölkənin bütün aparıcı partiyaları etiraz bəyanatları yaydılar. Həmin günlər AXCP, Müsavat, Yurddaş, Demokrat Partiyasının birləşdiyi Demkonqres bəyanat yayaraq “rus əsgərinin geri dönməsinə yol verməyəcəklərini” bəyan etmiş, “yeganə vasitəçiliyin yolverilməzliyi” ilə bağlı BMT TŞ-na müraciət qəbul edilmişdir.

6-11 fevral, 1995-ci il tarixdə Moskvada Azərbaycan, Ermənistan və keçmiş DQMV-nin erməni icması arasında müzakirələr olmuşdur. Ermənistan müzakirələrin üçtərəfli keçirilməsini təkid etmiş, Azərbaycan isə tərəflərin yalnız Ermənistan və Azərbaycan olduğunu, DQMV-nin hər 2 icmasının “maraqlı tərəf” olduğu tezisini irəli sürmüşdür. Sülhməramlı gücün bölgəyə gəlişi tarixi, Türk əsgərlərinin sülhməramlıların tərkibində olmaması barədə Ermənistan tərəfin təkidləri, Şuşa və Laçın məsələsi, status məsələsi və s. ilə bağlı tərəflər anlaşa bilməmiş, bununla da Moskva danışıqları nəticəsiz qalmışdır.

Aparıcı siyasi partiyaların birləşdiyi Demkonqres, o cümlədən “Doğru Yol”, “Müstəqil Demokrat Partiyası”, “Bakı və Kəndlər Birliyi” Qarabağ Azadlıq Təşkilatı ilə birgə bəyanat qəbul etmiş, Qarabağ münaqişəsinin həlli ilə bağlı iqtidar tərəfdən yürüdülən siyasətin yarıtmaz və nəticəsiz olduğunu qeyd etmişdir. Siyasi partiyaların bəyanatlarda danışıqlar zamanı icmaların təktərəfli iştirakına, Qarabağın erməni icmasının danışıqların üçüncü tərəfi kimi təklif edilməsinə xüsusi etiraz bildirilmişdir.

20 sentyabr 1994-ildə 30 illik “Əsrin Müqaviləsi”nin imzalanması Qərbin Azərbaycanda mövqeyinin güclənməsi anlamına gəlir. Rusiya Azərbaycana olan maraqların artdığını görərək 16 mart 1995-ci il tarixdə Ermənistanla 25 illik hərbi müqavilə imzaladı. Bununla da özünün Ermənistanda hərbi baza yerləşdirmək fəaliyyətlərini rəsmiləşdirdi.

Azərbaycan siyasi partiyaları AMİP, ASDP, “ Doğru Yol”, “Müstəqil Demokrat Partiyası”, “Bakı və Kəndlər Birliyi”, o cümlədən Demkonqres öz bəyanatlarında “Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid olan bu hadisəni ölkə rəhbərliyinin uğursuz xarici siyasəti” adlandırdı. Qarabağ münaqişəsində güzəştsiz mövqe sərgiləyən siyasi partiyalar öz bəyanatlarında ABŞ hökumətini Qarabağın erməni separatçılarına bir başa yardım siyasətini qınamış, Qərb dövlətlərini ədalətli mövqeyə səsləmişlər.

1995-ci ilin sonlarına qədər istər ATƏT-in Minsk qrupunun fəaliyyətləri, istərsə də Moskva danışıqları heç bir nəticə verməmişdir. Səbəb erməni tərəfin əvvəlcə statusun təyin olunması ilə bağlı tələbləri, Azərbaycan tərəfin isə əvvəlcə işğalçı qüvvələrin Şuşa və Laçının boşaldılmasını istəməsi idi.

ATƏT ÇƏRÇİVƏSİNDƏ ARTAN SƏYLƏR

1996-cı il, aprelin ortalarında keçirilən Rusiya-ABŞ sammitində dördtərəfli görüşün – ABŞ, Rusiya, Azərbaycan, Ermənistan – keçirilməsi və ABŞ-Rusiya ortaq planının imzalanması nəzərdə tutulurdu. Lakin Ermənistanın bölgə ermənilərinin iştirakı olmadan imzalanacaq hər hansı sənədin əhəmiyyətsiz olduğunu, Azərbaycanın isə bölgə ermənilərini tərəf kimi tanınmayacağını qeyd etməsi bir daha Moskva danışıqlarını nəticəsiz qoydu.

Həmin ilin yayında keçirilən Minsk Qrupunun Moskva və Stokholm danışıqları da nəticəsiz qalmışdır. Həmsədrlərin mövqeyi erməni tərəfə daha yaxın olduğu üçün Azərbaycan tərəfi təqdim edilən heç bir təklifi qəbul etməmişdir. 2-3 dekabr 1996-cı il tarixlərində Lissabonda ATƏT-in dövlət və hökumət başçılarının sammitinə qədərki dövrdə Minsk Qrupunun müzakirələrində, Frankfurtda və Amsterdamda vasitəçilərin iştirakı olmadan keçirilən iki görüş də nəticəsiz qalmışdır.

Aparıcı siyasi partiyalar hakimiyyəti səmərəsiz fəaliyyətdə suçlamışlar.

ATƏT-in LİSSABON SAMMİTİ

1996-ci ildə ATƏT-in Lissabon Sammitində rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü şərti ilə keçmiş DQMV-in inzibatı sərhədləri daxilində ən geniş muxtariyyata malik qurumun yaradılmasına razılıq verəcəyini bildirmişdir. Bu təklif Ermənistan istisna olmaqla ATƏT-in Minsk Qrupunun bütün üzvləri tərəfindən dəstəklənmişdir. Lakin Azərbaycanın təklif etdiyi ərazi bütövlüyü maddəsinə Ermənistan veto tətbiq etmişdir. Üçüncü ölkələr “Zirvə Bəyənnaməsi”nin qəbul edilməsi məqsədi ilə Azərbaycandan öz təklifini geri götürməsini istəmiş, Azərbaycan razılaşmışdır. Bəyənnamə ərazi bütövlüyü deyil, müqəddəratı təyinetmə prinsiplərini əsas tutularaq qəbul edilmişdir. Azərbaycan, üçüncü dövlətlərin – Türkiyənin və Fransanın vasitəçiliyi ilə veto hüququndan imtina etmişdir. Münaqişənin həlli mərhələlərinin ən böyük paradoksu budur.

Lissabon Sammitindən sonra siyasi partiyalarln mövqeyi çox sərt olmuşdur. AXCP, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası Lissabon Sammitinin yekunlarına dair etiraz bəyanatları yaydılar. ASDP Lissabon sammitinin nəticələrini məğlubiyyət hesab etməmiş, eyni zamanda bunu qələbə də saymamışdır. AMİP hakimiyyətin Lissabon Sammitində milli maraqlara zərbə vurduğunu qeyd etmişdir. Demkonqresə daxil olan partiyalar ölkə prezidentinin güzəştli mövqeyinə kəskin etirazını bildirmiş, sammitin bəyənnaməsində Azərbaycanın ərazi bütövlüyü toxunulmazlığının nəzərə alınmamasını “iqtidarın rüsvayçılığı” adlandırmışdır.

ÜÇ HƏLL MODELİ

Paket Həll: 19 iyun, 1997-ci il tarixində həmsədrlər tərəfindən gündəmə gətirilən “Paket Həll” – “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasıma dair hərtərəfli saziş” BMT TŞ qətnamələrinin yerinə yetirilməsini, dinc yolla həll prosesinə tamamilə əməl etmə öhdəliyini, Ermənistan ordusunun Ermənnistan sərhədlərinə çəkilməsini özündə ehtiva edirdi. “Paket Həll”-in şərtlərri barədə ictimaiyyətə məlumat verilməmişdır. Yalnız iyulun 30-da Azərbaycan prezidenti ABŞ-ın Corctaun Universitetindəki çıxışında bəzi detalları açıqlamışdır.

Bir çox siyası partiyalar “Bağlı qapılar arxasındakı saziş”in mahiyyətini bilmədiklərinə görə prezidenti qınamışlar. 2 sentyabr 1997-ci il tarixli bəyanatında da Müsavat Partyası iqtidarı milli maraqları ehtiva edən məsələlərdə təkbaşına qərar verməkdə qınamışdır.

10.11.97-ci il tarixli bəynatında Demkonqres iqtidarı təslimçilikdə suçlayaraq “Biz bu cür sülhü qəbul etməyəcəyik” deyə bəyanat yaymışdır. Digər partiyalar, o cümlədən Demokrat Partiyası, AMİP, Vəhdət, Xalq-Azadlıq Partiyası ayrı-ayrılıqda “Paket-Həll” təklifinə qarşı etiraz bəyanatları vermiş, etiraz toplantıları keçirmiş, eyni zamanda hakimiyyəti repressiyaları dayandırmağa, Azad KİV-dən əl götürməyə, ABŞ-ı isə ədalətsiz sülh sırımalarına son qoymağa çağırmışdır.

30 noyabr 1997-ci il tarixində 10 partiyanı özündə birləşdirən Denkonqres daha bir bəyanat yayaraq ATƏT-in Minsk qrupunun son nizamlama təklifinə etiraz etmiş, iqtidarı təslimçilikdə, ATƏT-in Minsk qrupunun təkliflərini məxfi saxlamaqda, Ermənistana bir milyardlıq sılah verən Rusiyanın məsələsini MDB çərçivəsində müzakirəyə çıxara bilməməkdə suçlamışdır. Demkonqres Azərbaycanın işğal altında olan ərazilərinin mərhələlərlə azad edilməsi planı barədə rahatsızlığını bildirmiş, bunu Şuşanın, Laçının azad edilməsinin konkret vaxtının göstərilməməsi ilə əsaslandırmışdır.

***

Mərhələli Həll: 2 dekabr, 1997-ci il tarixində həmsədrlər tərəfindən gündəmə gətirilən “Mərhələli Həll” – “Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş” sülhün tam təmini, qaçqınların geriyə dönüş şərtlərinin hazırlanması, bölgədə qurulacaq muxtar qurumun statusu, Şuşa, Laçın və keçmiş Şaumyan rayonunun müzakirələrinin daha sonraya keçirilməsi və sonda sülhməramlı qüvvələrin gətirilməsi nəzərdə tutulurdu. Bu təklifin şərtləri haqqında da ictimaiyyətə rəsmi məlumat verilməmişdir. Müxalifət partiya liderlərinin demək olar ki, hamısının müsahibələrində ATƏT-in MQ-nun təklif şərtlərinin gizli saxlanılması, rəsmi Bakının təslimçilik siyasəti, ABŞ-ın Qarabağ ermənilərinə birbaşa yardımı pislənmişdir.

Demkonqresin 9 dekabr tarixli bəyanatında ABŞ-ın Azərbaycanı Ermənistanla ədalətsiz sülhə təhrik etməsi və Dağlıq Qarabağ ermənilərinə bir başa yardım göstərməsi pislənir və vurğulanır ki, əgər belə bir sülh bağlanarsa müxalifət bu sənədin qanuniliyini qəbul etməyəcəkdir.

Xalq-Azadlıq Partiyasının 09.12.97-ci il tarixində ATƏT-in Kopenhaqen toplantısında qəbul olunacaq sənədi tanımamaq haqqında qərar verilmişdir. Bunun səbəbi Kopenhagendə qəbul ediləcək sənədin Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılmaq təhlükəsini aradan qaldırmamasıdır. Bundan əlavə XAP ABŞ-ın Dağlıq Qarabağ ermənilərinə humanitar yardım qərarı ilə əlaqədar olaraq neft müqavilələrinə yenidən baxılması haqqında məsələ qaldırmışdır.

***

Ortaq dövlət: 7 noyabr 1998-ci il tarixdə həmsədrlər tərəfindən gündəmə gətirilən “Ortaq Dövlət” – “Dağlıq Qarabağ silahlı münaqişəsini hərtərəfli həllinin prinsipləri haqqında” üçüncü təklif dağlıq Qarabağ respublikasının qurulmasını və Azərbaycan sərhədləri içində onunla ortaq dövlət meydana gətirməsini, ortaq dövləti idarə etmək üçün Azərbaycanın və “Dağlıq Qarabağ”ın dövlət başçılarının, baş nazirlərin və parlament başçılarının nümayəndələrindən ibarət ortaq komitənin qurulmasını, Dağlıq Qarabağın rəsmi dilinin erməni dili olacağını, pul kəsmək hüququnun olacağını, Laçın, Şuşa, Şaumyan rayonlarının statusları, imzalanacaq müqavilənin zəmanət altına alınması üçün ABŞ, Rusiya və Fransa dövlət başçılarının ortaq fəaliyyəti vurğulanırdı. Azərbaycana yönəlik bu sərt təklif prezident seçkiləri dövrünə təsadüf etmişdir.

ATƏT-in MQ-nun bu təklifi ilə bağlı 1998-ci ilin sonlarından başlayaraq siyasi partiyaların birgə mübarizə səyi artmış, müxalifət üç istiqamətdə mübarizə aparmışdır. 1. Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda. 2.Saxta prezident seçkisinin nəticələrinin ləğv olunması uğrunda. 3. Azad söz uğrunda.

1998-də 25 partiyanın daxil olduğu Demokratiya Uğrunda Hərəkat (DUH) yaradıldı. DUH ölkə prezidentinin Qarabağ münaqişəsini həll edə bilməməsinin əsas səbəbini onun qeyri-legitimliyi ilə əlaqələndirdi.

Xalq Partiyası Qarabağ münaqişəsinin həllini yalnız müharibə yolu ilə olduğunu bəyan etdi, ADP problemi ATƏT müstəvisindən BMT müstəvisinə keçirmək haqqında bəyanat verdi. Vətəndaş Həmrəyliyi Partiyası ordunu, iqtisadiyyatı gücləndirməyin vacib olduğunu bəyan etdi.

25 partiyanı özündə birləşdirən DUH 19.11.98 tarixli bəyanatında hakimiyyətin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupundan aldığı son təklifin şərtlərini ictimaiyyətdən gizli saxlaması ilə bağlı təşvişini birdirdi. Bəyanatda qeyd edilirdir ki, “Ümumi Dövlət” formatı altında Azərbaycanın ərazi bütövlüyü təhlükə həddinə salınmışdır. Ölkənin ərazi bütövlüyünü təhdid edən hər hansı bir sənədin qəbul edilməsi xalqa və dövlətə qarşı xəyanətdir. Qarabağ münaqişəsi BMT TŞ çərçivəsində nizama salınmalıdır. Eyni zamanda müxalifət 6 rayonun işğal səbəbini 1993-cü il çevrilişindən sonra hərbi qüvvələrin tərksilah edilməsi ilə əlaqələndirmiş, Azərbaycanın MDB-yə daxil olmasını, Bişkek protokolunun imzalanmasını, Qarabağ münaqişəsinin nizamlanmasında Lissabon prinsiplərini qəbul etməsini Azərbaycan rəhbərliyinin böyük xətası adlandırmışdır.

***

1999-cu il başdan-başa Qarabağ uğrunda gərgin siyasi mübarizə salnaməsidir. Qərb dövlətlərinin, beynəlxalq təşkilatların Qarabağ məsələsində güzəştə getmək üçün iqtidara təzyiqi həmin il zirvə nöqtəsinə çatmış, müxalifət gərgin siyasi mübarizə aparmış və ictimaiyyətin müqaviməti vəhdət xarakteri daşımışdır. Sözü gedən il həm iqtidar, həm müxalifət üçün böyük sınaq ilinə çevrilmişdir. Müxalifət həm iqtidarın təslimçilik siyasətinə qarşı, həm beynəlxalq güclərin iqtidara təzyiqinə qarşı, həm rəsmi ABŞ-ın ermənipərəst mövqeyinə qarşı, həm ölkədaxilində söz azadlığının boğulmasına və siyasi repressiyalara qarşı, əsasən isə Azərbaycana alçaldığı sülhün sırınmasına qarşı böyük siyasi müqavimət göstərmişdir.

Bu müqavimətdə AXCP, Müsavat Pariyası, Qeyrət Partiyası, Azadlıq Partiyası, ADP, Vəhdət və Milli Birlik Partiyaları, Vətəndaş Həmrəyliyi Partiyası, ASDP, AMİP, Demokratik Azadlıq, Xalq Azadlıq və digər aparıcı partiyalar yaxından iştirak etmişlər. Partiyaların bəyanatlarında əsasən Avropa Parlamentinin 11 martda qəbul etdiyi “Qafqazda sülhə dəstək” qətnaməsi Azərbaycan xalqının iradəsinə, onun Konstitusiyasına, beynəlxalq normalara, eləcə də ərazi bütövlüyü prinsipinə zidd sayılmışdır. Bəyanatda belə bir qətnamənin çıxarılmasının mümkün olması hakimiyyətin yanlış daxili və xarici siyasətinin nəticəsi olaraq qeyd olunmuşdur. Sənəddə Avropa Parlamenti, Avropa Birliyi, ATƏT-in Minsk Qrupu ölkələrinin prezidentlərinə Ermənistanın aqressiv fəaliyyətini mühakimə etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək çağırışı səslənmişdir.

Demkonqresin 22.03.99 tarixli bəyanatında Avropa Parlamentinin Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun təqdim etdiyi təklif əsasında qəbul etdiyi qətnaməni kəskin qınanmışdır. Bəyanatda qeyd edilmişdir ki: bu qətnamə Azərbaycanın müstəqilliyinə zərbə vurur, ərazi bütövlüyünü şübhə altına salır, belə bir qətnaməni qəbul etməsi daima güzəştli mövqe tutan indiki hakimiyyətin böyük məğlubiyyətidir. Demkonqres xalqa müraciət edərək alçaldığı sülhün yol verilməz olduğunu bəyan etmişdir. Bu mərhələdə də siyasi partiyalar ayrı-ayrılıqda da öz etirazçı mövqelərini nümayiş etdirmişlər.

16.07.99 tarixində Cenevrədə H.Əliyevlə Köçəryanın görüşü olmuş, müzakirənin gedişatı gizli saxlanmışdır. H.Əliyev ölkəyə qayıdarkən görüşdən məmnun qaldığını və sülhün əldə edilməsi üçün hər iki tərəfin güzəştə getmsəinin zəruri olduğunu bəyan etmişdir. Demkonqresə daxil olan və daxil olmayan digər aparıcı partiyalar Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəticələrini sərt şəkildə tənqid etmişdir.

Bu arada Azərbaycana qarşı iqtisadi təzyiqlər səslənməyə başlamış, ABŞ konqresinin üzvü Qarabağ münaqişəsi tənzim edilənə qədər Bakı-Ceyhan neft kəmərinin tikintisinin təxirə salınması üçün təşəbbüs qaldırmışdır.

1999-cu il ölkə prezidentinin Ermənistan prezidenti ilə görüşləri və digər ranqlarda Qarabağ müzakirələri də rekord həddə çatmışdır. Müxalifətin aparıcı partiyaları bütün bu görüş və müzakirələrə dərin həssalıqla yanaşmış, bəyanatlar, müraciətlər, kütləvi tədbirlər ard-arda sıralanmış, ictimaiyyət son dərəcə aktivləşmişdir. Həmin il partiyaların və partiya birliklərinin piket, mitinq, yürüş keçirmək ərizəsi ilə Bakı meriyasına müraciətləri, icazəsiz piketlərə polis müdaxiləsi, Qarabağ problemi ilə bağlı tədbirlərin, aclıq aksiyalarının sayı da rekord həddə olmuşdur. Siyasi partiyalar Qarabağ üzrə koordinasiya şurasında birləşmişdir.

Sıraları genişlənərək 12 partiyadan ibarət olan Demkonqres 26.08.99 tarixdə “Ümumi Dövlət” prinsipini rədd edən bəyanat qəbul etdi. Demkonqres BMT TŞ-nın qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan torpaqlarında ermənilərə veriləcək muxtariyyat əvəzinə Ermənistan ərazisində də 200 min azərbaycanlı qaçqına muxtariyyat verilməsini tələb etdi.

9 noyabr, 1998-ci ildə təsis edilən və 23 müxalifət partiyasını sıralarında birləşdirən DUH 10.10.99 tarixdən etiraz aksiyalarına başlayacaqlarını bəyan etdi. Bəyanatda deyilirdi ki, qeyr-legitim hakimiyyət Azərbaycan xalqını təmsil edə bilməz və xalq adından heç bir danışıq apara bilməz, müxalifət və xalq alçaldıcı sülhə yol verməz.

13.09.99 tarixdə eks-prezident Elçibəy Ümumrespublika toplantısında bəyan etdi ki, əgər H.Əliyev alçaldığı sülhə imza atarsa müxalifət vətəndaş müharibəsinə başlayacaq. Həmin günlərdə Elçibəy ABŞ səfiri Eskudero ilə görüş keçirərək ATƏT-in MQ-nun təkliflərinin xalqdan gizli saxlandığını səfirin diqqətinə çatdırdı və Qarabağ məsələsinnin həlli ədalətsiz yolla baş tutarsa müxalifətin alacağı bütün tədbirləri səfirə bəyan etdi.

27.09.99 tarixində H.Əliyev ABŞ səfiri Eskuderonun qəbul edərək xarici işlər naziri T.Zülfüqarovun Milli Məclisdə Qarabağ məsələsində son durumla bağlı xüsusi məruzə edəcəyini bildirdi və ABŞ Dövlət Katibi M.Olbraytın məktubundan məmnunluğunu ifadə etdi, eyni zamanda müxalifətin Qarabağ münaqişəsini dinc yolla həll edilməsini istəmədiyindən də səfirə gileyləndi. Qeyd edək ki, həmin mərhələdə əksər Qərb dövlətlərinin səfirləri ölkə prezidenti ilə görüşür və Qarabağ münaqişəsindəki son həll mərhələsi ilə bağlı prezidentin fəaliyyətini alqışlayır və ölkələrinin dəstəyini bəyan edirdilər.

“Terminlərə əhəmiyyət verməməyi” tövsiyə edən ABŞ Dövlət Katibinin H.Əliyevə ünvanladığı məktubuna ilk etiraz AMİP-dən, AXCP-dən, Müsavatdan, Qeyrət Partiyasından, ASDP-dən, Liberal Partiyadan və digər partiyalardan, eyni zamanda ictimai xadimlərdən gəldi.

Demkonqres məktubla bağlı rəsmi etirazını bildirdi.

01.10.99 tarixdə Milli Məclisdə Demblokda təmsil olunan 20 nəfər deputat aclıq aksiyası keçirənlərlə görüşüb onlarla həmrəy olduqlarını bildirərək bəyanat qəbul etdilər. Bəyanatda Cenevrə danışıqlarının gizliliyinə etiraz bildirilir, hakimiyyətin məğlub siyasəti tənqid edilir, aclıq aksiyası keçirənlərin tələblərinin yerinə yetirilməsi tələb olunurdu.

Oktyabrın 10-da siyasi partiyaların “Qarabağa Azadlıq” şüarı altında 50 minə yaxın etirazçının iştirak etdiyi mitinqi keçirildi. Mitinq 16 bənddən ibarət qətnamə qəbul etdi ki, siyahının önündə BMT qətnamələrini yerinə yetirilməsi, Qarabağ ermənilərinə yalnız mədəni muxtariyyat statusunun verilməsi, torpaqların işğaldan azad edilməsindən sonra statusun müzakirə edilməsi, Şuşa, Laçın müzakirə mövzusu olmaması, erməni cinayətkarların beynəlxalq məhkəməyə verilməsi, Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyat verilməsi və s. yer alırdı.

***

Bütün bu siyasi-ictimai müqavimətlərə əhəmiyyət vermədən həmin günlərdə ABŞ vitse-prezidenti A.Qor H.Əliyevə məktub göndərərk, onun son fəaliyyətlərini alqışlayır və tövsiyə edirdi ki, “danışıqları ATƏT-in İstanbul sammitinə qədər yekunlaşdırarsınızsa ATƏT əldə edilən nailiyyətə dəstək verər.” Bu məktubun ardıyca ABŞ prezidenti Klintondan H.Əliyevə “cəsarət verən” məktub gəldi.

Eks-prezident, AXCP sədri Elçibəy ABŞ rəsmilərinin H.Əliyevə məktublarını Azərbaycan xalqına təhqir adlandırdı.

13.10.99 tarixdə Demkonqres ABŞ rəsmilərinin məktubları ilə bağlı bəyanat yayaraq rəsmi ABŞ-ın Əliyev rejiminin korrupsiyalaşmış, qeyri-legitim, zəif vəziyyətindən istifadə edərək Qarabağ münaqişəsini ədalətsiz şəkildə ermənilərin xeyrinə həll etməsini qınadı.

25.10.99 tarixində Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayaraq yüksək ranqlı məmurların – E.Namazov, T.Zülfüqarov, V.Quluzadənin istefasından sonra vəziyyətin daha da ciddiləşdiyi və H.Əliyevin İstanbul Sammitində şübhəli güzəştlərə gedəcəyi haqqında bəyanat yaydı və iqtidarın milli maraqlara zidd olan bu fəaliyyətinə qarşı xalqı ayıq olmağa çağırdı.

Həmin günlər siyasi müxalifət liderləri yüksək məmurların istefalarını H.Əliyevin təslimçilik siyəsətinə etiraz kimi qiymətləndirdiklərini bəyan etdilər. 04.11.99 tarixində aparıcı siaysi partiyalar Milli Müqavimət Hərəkatında birləşmək qərarı verdilər. Bu hərəkatda az vaxt ərzində 220 siyasi, yaradıcı və qeyri-hökumət təşkilatı birləşdi. MMH-nın hədəfi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı idi.

Nəhayət, 11.11.99 tarixində Qarabağ münaqişəsinin alçaldığı sülh yolu ilə həll olunmasından narahat olaraq prezidentə məktub ünvanlayan yazıçılarla görüşündə H.Əliyev bəyan etdi ki, İstanbul Sammitində heç bir sənəd imzalanmayacaqdır.

18.11.99 tarixdə ATƏT-in fəaliyyətdə olan həmsədri İstanbul Sammitində heç bir müqavilə imzalanmayacağı haqqında bəyanat yaydı.

18.11.99 tarixində İstanbul Sammitində H.Əliyev iştirakçıları “Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı” imzalamağa çağırdı. Qəbul olunmuş sənəddə Qarabağ münaqişəsinin ATƏT-n MQ tərəfindən verilmiş son təklif əsasında həll edilməsi Azərbaycan xalqı və müxalifəti tərəfindən qəbulolunmaz sayıldığından müzakirəyə çıxarılmaması qeyd olunmşdu.

AXCP sədri nəticələri belə qiymətləndirmişdir: “Ümumi Dövlət” təklifi üzrə hazırlanmış sənədin imzalanmaması Azərbaycanın vətənpərvər qüvvələrinin xidməti idi. Sammitin sənədində Azərbaycanın ərazi bütövlüyünün qeyd olunmaması gələcəkdə də ciddi təhlükələr doğuracağından xəbər verir. Amma bu mərhələdə ictimaiyatın birgə səyi hesabına Azərbaycan rüsvayçı sülhdən xilas oldu. Bu mərhələdə Qarabağ məsələsində Qərb Azərbaycanın maraqlarını satdı, rəsmi ABŞ son dərəcə yanlış və ədalətsiz mövqe tutdu.”

Beləliklə, ATƏT-in İstanbul Sammiti ilə Qarabağ prosesində ən ağır siyasi mərhələlərdən biri başa çatdı. Qeyd edildiyi kimi aparıcı siyasi partiyalar bu “alçaldıcı həll”in önünü siyasi mübarizə yolu ilə kəsə bildirlər. Həmin dönəmdə saysız-hesabsız mübarizə metodlarından istifadə edildi. Gənclərin və tələbələrin fəallığı artdı. Dinc piketçilərin polislə qarşıdurmaları, həbslər, siyasi təzyiqlər, qanunsuz işdən çıxarmalar, azad mətbuata basqılar baş alıb getdi, repressiyalar gücləndi.

SON DURUM

Son 10 ildə hakimiyyətdə ardarda bir-birini əvəz edən ata-oğul Əliyevlər ənənəvi olaraq sülh prosesində yaxından iştirak etmiş, lakin ölkə daxilində güzəştsizlik ehtiva edən və müharibəyə səsləyən şüarlarını davam etdirmişlər. Əvvəlki illərdə olduğu kimi son 10 ildə də Dağlıq Qarabağ problemi “ən qapalı müzakirə” olaraq qalmaqdadır.

2000-2010-cu illərdə siyasi mənzərə xeyli dəyişmiş, bəzi partiyalar sıradan çıxmış, parçalanmış, elektoratını itirmişdir. Demkonqres, DUH, MMH kimi birliklər dağılmışdır. AXCP parçalanmış, bu partiyanın kürkündən BXCP, KXCP, Demokratik İslahat Partiyası, Ziyalılar Partiyası, Böyük Quruluş Partiyası çıxmışdır. DİP, BQP ideoloji dəyişiklik edərək liberal dəyərlərə üstünlük verdiklərini bəyan etmişlər. AMİP-dən VİP doğulmuşdur. Eyni zamanda bu partiyalar arasında qarşılıqlı ittihamlar və nifaqlar dərinləşmiş, birlik imkanları zəifləmişdir. Müsavat Partiyası millətçi dəyərlərdən liberal dəyərlərə üz tutmuşdur.

2005 parlament seçkisi ilində Müsavat, Liberal, VİP-in birləşdiyi Azadlıq Bloku yaranmış, KXCP, Azadlıq Partiyası, Boyük Azərbaycan Partiyası, Milli Demokrat Partiyası, Xalq Partiyası, Milli Qurtuluş partiyalarının birləşdiyi Demokratiya Uğrunda Birlik yaranmışdır. 2010-cu il parlament seçkisində partiyaların ciddi birliyi yaranmamışdır. AXCP-Müsavat birliyi nisbətən diqqət mərkəzində olmuşdur.

***

Müsavat Partiyası 1999-cu ildə hakimiyyətə və ictimaiyyətə “Uğur Paketi”ni təqdim etmişdir. Sənəddə Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici siyasət, iqtisadi siyasət, müdafiə və təhlükəsizlik siyasəti, daxili siyasət sahələrində islahatlar təklif eilmişdir.

ASDP 2000-ci ildə “Qarabağın işğaldan azad edilməsi üzrə təkliflər” adlı sənəd təqdim etmişdir. Sənəddə milli vəhdət, milli ədavət çağırışlarına yasaq, erməni xalqının tarixini, mədəniyyətini öyrənən beynəlxalq əlaqələr sistemi, qaçqınların Qarabağ ətrafına toplanması, beynəlxalq qurumların qonşuluq münasibətlərinin bərpasına dəstəyi, Azərbaycan və Ermənistan arasında rabitə və nəqliyyat yollarının açılması, Azərbaycanın Qarabağa verəcəyi muxtariyyat statusunun məzmununun açıqlanması, Ermənistanla iqtisadi əməkdaşlığın bəyan edilməsi, Azərbaycan hökumətinin Dağlıq Qarabağ liderləri ilə birbaşa danışıq aparması kimi təkliflər irəli sürülmüşdür. 1992-2000-ci illərdə ASDP erməni tərəfi ilə xalq diplomatiyası yolu ilə münasibətləri tənzimləməyə çalışmış, 2010-cu ildə yenidən “Vətən Müharibəsi” modelinə qayıtmışdır.

2007-ci ildə Demokratiya Uğrunda İttifaq Qarabağ probleminin həllinə dair təkliflərini təqdim etmişdir. 7 bənddən ibarət təkliflər paketi danışıqların hansı prinsiplər çərçivəsində aparıldığının açıqlanmasını, Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsinin qaldırılmasını, BMT Nizamnaməsinin məhəlli razılaşma adlanan 8-ci bölməsində təcavüzkar dövlətin onunla qonşu olan dövlətlər tərəfindən müvafiq adla tanınmasını, BMT-nin sanksiyalarına qədər müəyyən sanksiyaların(iqtisadi, siyasi) tətbiqini, bununla bağlı qonşu dövlətlərin məsuliyyətini nəzərdə tutan tələbin yerinə yetirilməsini və s. məsələləri özündə ehtiva edir.

***

2001-ci ilin yanvarında Ki-Vestdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Müzakirələrdə “dəhliz mübadiləsində” razılaşmaya yaxınlaşma olsa da sonradan Köçəryan mövqeyindən geri çəkilmişdir.

22 fevral 2001-ci ildə ATƏT-in MQ-nun rəsmən təqdim etdiyi üç nizamlama planı- Paket Həll, Mərhələli həll, Ümumi Dövlər planı ilk dəfə ictimai müzakirəyə verildi. 22-23 fevralda isə ölkə rəhbərliyi Milli Məclisdə açıq müzakirə keçirdi. Müsavat Partiyası MM-in legitim olmadığını və bu müzakirənin siyasi şou olduğunu əsas gətirərək görüşdən imtina etdi. Digər Partiyalar isə münaqişənin həlli ilə bağlı alternativ təklif etmədilər. Müzakirələrin ümumi nəticəsi Qarabağ münaqişəsinin həlli yolunu ərazi bütövlüyündən kənarda olmadığını bir daha diqqətə gətirdi.

***

2004-cü ildən Qarabağ münaqişəsində yeni mərhələ sayılan Praqa prosesi start götürmüşdür. Prezidentlərin Praqa görüşündə müzakirə edilmiş Sənədin əsasını Dağlıq Qarabağın statusu haqqında qərar digər məsələlərin həll edilməsinə imkan yaratmaq üçün bir neçə il müddətinə təxirə salınmasını ehtiva edir. O cümlədən bu sənəd erməni qoşunlarının altı rayondan bütövlüklə və bir rayondan qismən çıxarılması, Kəlbəcər rayonundan qoşunların mərhələ-mərhələ çıxarılması, Laçın rayonu ilə bağlı xüsusi planın tətbiq edilməsi., 10.000 nəfərlik beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağla işğal edilmiş rayonların arasında yerləşdirilməsi, Dağlıq Qarabağa “müvəqqəti beynəlxalq status”un verilməsini nəzərdə tutur. Bu status Dağlıq Qarabağın seçilmiş rəsmilərinə daha geniş legitimlik verməli, vətəndaşlarına dünyaya çıxışı təmin etməli, lakin Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutmur.

Hələ prosesin əvvəlindən aparıcı siyasi partiya liderləri Praqa Prosesinin iflasa uğrayacağını proqnoz etmiş və gözləntiləri olmadığını bəyan etmişdirlər.

“Madrid Prinsipləri” adlanan sənəd 2007-ci ildə ATƏT tərəfindən təqdim olunub. 2007-ci il prezidentlərin Sank-Peterburq görüşündə heç bir irəliləyiş əldə edilməyib. 2008-də prezidentlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması haqqında Moskva Bəyənnaməsini imzalamışlar.

3 noyabr 2008 tarixli bəyanatında Müsavat Partiyası Rusiyanın Cənubi Qafqazda apardığı aqressiv siyasətdən və nizamlanma prosesinin Rusiyanın nəzarəti altına keçməsindən narahatlığını bildirmişdir. Bəyanatda bildirilmişdir ki: “Narahatçılıq doğuran bir də odur ki, daxildə Azərbaycanın ərazi bütövlüyündən əsla vaz keçməyəcəyini bəyan edən ölkə başçısı Moskva bəyənnaməsində Dağlıq Qarabağın gələcəkdə müstəqilliyinə yol aça biləcək müddəaların altından imza atmışdır.” AXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan 5 partiya da Moskva bəyyannaməsi ilə bağlı eyni mövzulu bəyanatlar yaymışlar.

2009-da vasitəçilər “Yenilənmiş Madrid Prinsipləri”ni təqdim etmişdir. “Yenilənmiş Madrid Sənədi”nə görə Ermənistan qoşunları Ağdam, Füzuıi, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılacaq. Laçın və Kəlbəcər növbəti mərhələdə boşaldılacaq. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra bölgənin statusu müəyyən ediləcək.

2010-cu il Sankt-Peterburq görüşündə prezidentlər müzakirəni “Madrid Prinsipləri” əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər.

Prezidentlərin oktyabrın 25-də baş tutan Həştərxan görüşündən öncə Azərbaycan mətbuatında ilk dəfə “Yenilənmiş Madrid Prinsipləri”nin şərtləri çap olunmuşdur. Rusiya prezidentinin iştirakı ilə baş tutan görüşdə humanitar razılaşma imzalanmışdır. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov əldə edilən nəticəni “prezidentlərin “Qırmızı Xaç”ın missiyasını icra etməsi” kimi qiymətləndirmişdir. Ümid Pariyasının sədri İqbal Ağazadə mühüm nəticə üçün şərait olmadığını bildirmiş, Müsavat başqanı isə razılaşmaya müsbət qiymət vermişdir. Həmin ərəfədə Müsavat Partiyası Ermənistan müxalifət partiyası olan “Erməni Ümummilli Hərəkatı” və Gürcüstan Respublikaçılar Partiyası ilə əməkdaşlıq haqqında bəyənnamə imzalamışdır. KİV hər üç Qafqaz respublikasının liberal partiyaları arasında olan bu imzalama hadisəsinin 8 oktyabrda, Almaniyanın Potsdam şəhərində olması barədə məlumat yaymışdır.

***

Artıq 7 ildir ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atasından daha savaşcıl bəyanatlar verməkdə davam edir. 2008-ci ilin hərbi paradında o, bildirmişdir: “Biz hər zaman işğal altında olan torpaqları

hərbi yolla azad etməyə hazır olmalıyıq.” Bu kimi bəyanatların ardıyca ildən ilə artan silahlı qüvvələrə aid büdcə xərcləri də Azərbaycan iqtidarının müharibəyə meylli kimi görünməsinə rəvac verir.

Ötənlərdə olduğu kimi son 7 ildə Qarabağ münaqişəsi haqqında YAP-ın heç bir bəyanatı olmadığından sədr-prezidentin mövqeyi YAP-ın mövqeyi kimi qəbul edilməkdədir. Partiya yetkililəri isə adətən “Qarabağ məsələsi ilə prezident özü məşğul olur, başqa bir müdaxiləyə ehtiyac yoxdur” deyə rəy bildirirlər.

Aparıcı müxalif siyasi partiya liderləri xüsusilə son 10 ildə münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiklərini daha çox vurğulayır, lakin prezidentlərin davam edən səmərəsiz nizamlama danışıqlarını hər fürsətdə kəskin tənqid edirlər.

NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR

Münaqişənin həlli üçün ən doğru yol münaqişənin ədalətli həll yoludur. Azərbaycan xalqının ümimi rəyinə görə ədalət Azərbaycan Respublikasının ərazi bötövlüyünün toxunulmazlığından keçir. Bu ictimai rəyin arxasında yüz illərin qayda və ənənələrini özündə ehtiva edən ictimai-siyasi tarix durur. Həll mərhələlərində baş verən siyasi-ictimai proseslər göstərir ki, ərazi bötövlüyünə xələl gətirən hər hansı bir variant Cənubi Qafqazda sabitliyin əldə edilməsinə yardım edə bilməz və bölgəni daha dərin böhranlara, bitməz münaqişələrə sala bilər.

Partiyalara Təkliflər:

Qarabağ məsələsi ilə bağlı yeni koordinasiya mərkəzinin yaradılması.

Yeni Koordinasiya Mərkəzinin işinin qeyri-siyasi, tədqiqat şərtli fəaliyyətinə yönəldilməsi.

Mərkəzin fəaliyətinin ardıcıllığının təmin olunması.

Mərkəzin durumla bağlı ardıcıl dinləmələrinin təşkil eilməsi.

Qarabağ müzakirələrinin qapalı müstəvidən çıxarılmasına nail olunması.

Beynəlxaql təşkilatlara, donor qurumlara təkliflər:

1.Qeyri-siyasi fəaliyət göstərən, Qarabağ münaqişəsinin həll mərhələrini tədqiq

edən Yeni Kordinasiya Mərkəzinin yaradılmasına və fəaliyyətinə dəstək

vermək.

2. Xalq diplomatiyası yönündə fəaliyyət göstərən QHT-lərə dəstək vermək.

3. Yeni mərhələ olan Azərbaycan və Ermənistan siyasi partiyalarının

əməkdaşlığına dəstək vermək.

Mənbə:

Turan İA 1991-2000-ci il tarixli arxivi

“Yeni Müsavat” qəzeti, 1995-2010 tarixli sayları

“Azadlıq” qəzeti, 1997-1999, 2010 tarixli sayları

“İstiqlal” qəzeti, 03 12 1993, 02 10 2000 sayları

“Qarabağ problemi” A.Aslanlı, Bakı-2009

http://az.trend.az/news/karabakh/1683727.html

http://az.itv.az/siyaset/2423.html

http://www.musavat.com/new/Gündəm/42908

http://www.gunaz.tv/aze/37/newsCat/1/newsID/37753

http://www.gunaz.tv/aze/37/newsCat/1/newsID/37753

http://origin.azadliq.org/content/article/1623232.html

http://webcache.googleusercontent.com/search?q=cache:GRvV1kDttgQJ:www.gunaz.tv/aze/37/newsCat/1/newsID/39903

html/newsPage_1/2+praqa+prosesi&cd=1&hl=az&ct=clnk&gl=az

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>